İşə qəbul qaydaları
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin 25 aprel 2022-ci il tarixli, 13 nömrəli qərarı ilə təsdiq edilmişdir.
AZƏRBAYCAN AVTOMOBİL YOLLARI DÖVLƏT AGENTLİYİNİN İŞƏ QƏBUL QAYDALARI
I. Ümumi müddəalar
1.1. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (bundan sonra - Agentlik) işə qəbul qaydaları (bundan sonra - Qaydalar) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbyacan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi”nə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq işlənib hazırlanmışdır.
1.2. Bu Qaydalar Agentlikdə işə qəbul üçün namizədlərin sənədlərinin toplanması, müsahibənin keçirilməsi, müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərin vəzifəyə təyin olunması üçün təkliflər verilməsi məsələlərinin tənzimlənməsi məqsədi ilə qəbul edilmişdir.
1.3. Agentlikdə elan olunmuş vakant yer üzrə işə qəbul zamanı namizədin (bundan sonra - namizəd) cinsinə, irqinə, dininə, milliyyətinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə görə hər hansı üstünlük əldə etməsi üçün şəraitin yaradılmasına yol verilmir.
1.4. Agentlikdə işə qəbul prosesi şəffaflıq, obyektivlik və müraciət edən bütün namizədlərin hüquq bərabərliyi prinsiplərinə əsasən həyata keçirilir.
II. Sənədlərin toplanılması və yoxlanılması
2.1. Vakant yer üzrə işə qəbul olmaq istəyən namizəd müsahibədə iştirak üçün ərizə formasını Agentliyə təqdim edir.
2.2. Ərizə formasına aşağıdakı sənədlər əlavə olunur:
2.2.1. şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
2.2.2. tərcümeyi-hal;
2.2.3. 3x4 ölçüdə 4 ədəd kağız daşıyıcıda ağ fonda fotoşəkil;
2.2.4. əmək kitabçası (məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər);
2.2.5. təhsil barədə sənədin (şəhadətnamə, attestat, diplom) notarial qaydada təsdiq olunmuş surəti;
2.2.6. sağlamlıq haqqında tibbi arayış (Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli, 1 nömrəli qərarı ilə müəyyən edilən vəzifələr üzrə);
2.2.7. hərbi qeydiyyat sənədləri (hərbi mükəlləfiyyətli şəxslər və hərbi xidmətə çağırılmalı olan şəxslər üçün);
2.2.8. sürücülük vəsiqəsi (vakant yer sürücülük vəzifəsi olduqda).
2.3. Surətləri tələb olunan sənədlər əsli ilə birlikdə təqdim edilir. Daha sonra sənədlərin əsli namizədə geri qaytarılır.
2.4. Ərizə Agentliyə daxil olduqdan sonrakı 5 gün müddətində namizədin təqdim etdiyi sənədlərin vakant elan olunmuş vəzifənin tələblərinə uyğunluğu yoxlanılır.
2.5 Sənədlər müəyyən edilmiş müddətdə yoxlanıldıqdan sonra namizədə müsabiqənin keçirilmə yeri və vaxtı və ya vakant elan olunmuş vəzifənin tələblərinə uyğun olmadığı barədə məlumat verilir.
2.6. Bu Qaydaların 2.2-ci bəndində göstərilənlərdən əlavə digər sənədlərin tələb edilməsinə yol verilmir. Müraciət edən şəxs özünü xarakterizə edən başqa sənədləri də təqdim edə bilər.
2.7. Agentlikdə işə qəbul edilmək üçün bu Qaydalarla müəyyən edilmiş tələblərə cavab verməyən, habelə bilərəkdən yanlış məlumatlar vermiş namizədlər müsahibədən kanarlaşdırılır.
III. Müsahibənin keçirilməsi
3.1. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində işə qəbul üzrə Müsahibə Komissiyası(bundan sonra - Komissiya) yaradılır. Komissiyanın tərkibi 7 nəfərdən - sədr, sədr müavini və digər üzvlərdən ibarət olur. Vakant elan olunmuş struktur bölmənin rəhbərinin Komissiyanın iclasında iştirakı təmin edilir. Komissiyanın tərkibində dəyişiklik Agentliyin İdarə Heyəti sədrinin əmri ilə təsdiq edilir.
3.3. Təqdim edilmiş sənədlər Komissiya tərəfindən araşdırıldıqdan sonra elan edilmiş boş iş yerinə uyğun gələn namizədlər müsahibə mərhələsinə buraxılırlar.
3.3. Müsahibənin keçirildiyi vaxt və yer barədə namizədlərə Agentlik tərəfindən ən azı 5 gün əvvəl məlumat verilir.
3.4. Hər bir namizədlə müsahibə fərdi qaydada 20 dəqiqə aparılır. Müsahibə zamanı namizədə onun ümumi dünyagörüşü, Azərbaycan dövləti barədə bilikləri, Agentliyin fəaliyyət istiqamətləri, avtomobil yolu təsərrüfatı və işləmək istədiyi sahə üzrə biliyinin və bacarığının müəyyən edilməsi üçün suallar verilir.
3.5. Namizədin veridiyi cavablar komissiyanın üzvləri tərəfindən “məqbul” və ya “qeyri-məqbul” olaraq qiymətləndirilir.
3.6. Komissiya üzvlərindən səs çoxluğu ilə “məqbul” alan namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab edilir.
3.7. Müsahibə nəticəsində yaxın və ya eyni nəticəni göstərən namizədlərin müqayisə yolu ilə aşağıdakı göstəricələri üstün namizədlərə müsbət rəy verilir:
3.7.1. təhsil səviyyəsi, peşə nailiyyətləri, xarici dilləri bilməsi, kompüterdə işləmək bacarığı;
3.7.2. özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti;
3.7.3. təşəbbüskarlığı, analitik düşünmək qabiliyyəti, hadisələri obyektiv qiymətləndirmək, problemlərin həlli ilə bağlı qərar çıxarmaq bacarığı.
3.8. Müsahibədən müvəffəqiyyətlə keçən namizədin müvafiq vəzifəyə təyin edilməsi üçün Komissiya tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinə təklif verilir.
IV. Yekun müddəa
4.1. Agentlikdə müvafiq vakant vəzifələr barədə məlumatlar mütəmadi olaraq məşğulluq mərkəzlərinə təqdim olunur.