Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu yenidən qurulur - VİDEO / FOTO

10 İyun 2017- 09:00
11 Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu yenidən qurulur - VİDEO / FOTO

 

Bakı-Sumqayıt yolu, Binəqədi şossesi, Novxanı yolu və Zabrat-Maştağa avtomobil yolunu bir-birinə birləşdirmək baxımından böyük əhəmiyyətə malik olan Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.

 

Dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri olan və "Azəravtoyol" ASC tərəfindən əsaslı şəkildə təmir olunan yolun uzunluğu 19.3 km-dir. 

 

2 hərəkət zolaqlı olan yolun eni 8-10 metr arası dəyişir. Layihə çərçivəsində hazırda yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yolun hərəkət hissəsi hazır olan hissələrə yeni asfat-beton örtüyünün döşənməsi işləri görülür. Yola ümumilikdə 2 qat olmaqla 12 sm qalınlığında 175 min kv m. asfalt örtüyü döşənəcək.

 

Yenidənqurma işləri zamanı zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılacaq, bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirmə işləri görüləcək. Həmçinin vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5 m enində yeni piyada səkiləri inşa olunacaq, kənarlarına isə səki daşları düzülüb hərəkət hissəsi asfaltlanacaq.

 

Görülən işlər yekunlaşdırıldıqdan sonra zəruri olan yerlərə yağış sularının kənarlaşdırması üçün yağış barmaqlıqları qoyulacaq, yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq.

 

Qeyd edək ki, uzun müddət əsaslı şəkildə təmir olunmadığı üçün bəzi yerlərdə hərəkət hissəsi sıradan çıxmış olan Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması bir-neçə qəsəbəni birləşdirməklə həm yol boyu yerləşən qəsəbələrin on minlərlə sakinin, həm də bu yoldan istifadə edən digər vətəndaşların xüsusən payız və qış aylarında hərəkət zamanı rastlaşdığı problemləri aradan qaldırmış olacaq.