Masazır və Ceyranbatan qəsəbələrində yeni yerüstü piyada keçidləri inşa olunub - FOTO

14 İyul 2017- 11:21
11 Masazır və Ceyranbatan qəsəbələrində yeni yerüstü piyada keçidləri inşa olunub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC kompleks tədbirləri davam etdirir.

 

Belə ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda (Bakı-Sumqayıt yolu) daha 2 metal konsturiksiyalı yerüstü piyada keçidlərinin inşası yekunlaşıb. Söhbət yolun Masazır qəsəbəsindən keçən 13.7-ci və Ceyranbatan qəsəbəsindən keçən 27-ci km-lik hissələrindəki keçidlərdən gedir.

 

Hər iki ərazidə keçidlərin inşası başa çatdırılaraq son tamamlanma, dizayn işləri görülür.

 

Masazır qəsəbəsi ərazisindəki 1 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 53 m, pilləkan hissələr də daxil olmaqla ümumi uzunluğu 81.4 m-dir. Ceyranbatan qəsəbəsində inşa edilən 2 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 40.5 m, piləkən hissələr də daxil olmaqla ümumi uzunluğu isə 69 m təşkil edir.

 

Metal konstruksiyalı piyada keçidləri dəmir-beton dayaqlar üzərində qurulub. Üstü açıq olan keçidlərin yol səthindən hündürlüyü 5.5 m təşkil edir, qalereyasının eni isə 3 m-dir.  

 

“Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan işlər çərçivəsində hər iki keçidin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li  hissələr yaradılacaq, ərazidə lazımi yol nişanları quraşdırılacaq.