Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi yekunlaşır – VİDEO / FOTO

17 İyul 2017- 10:22
11 Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi yekunlaşır – VİDEO / FOTO

 

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri olan Binəqədi-Novxanı-Corat yolunun tikintisi artıq yekunlaşmaq üzrədir, yol boyu son tamamlanma işləri görülür.
 
Avtomobil yolunun mövcud eni isə 7-9 metr arası dəyişirdi. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilib. Yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdır.

 

14 km uzunluğunda olan avtomobil yolunun 8 km-lik Binəqədi və Novxanı qəsəbələrini birləşdirən hissəsi artıq tam şəkildə yenidən qurularaq sürücülərin istifadəsinə verilib. Ümumilikdə yolun sözügedən hissəsinin təqribən 100 min m2 sahəsinə 2 və 3 qat olmaqla yeni asfalt-beton örtük döşənib, zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
 
Qeyd olunan ərazinin Binəqədi qəsəbəsindən keçən 1.2 km-lik hissəsində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.

 
Binəqədi-Novxanı-Corat avtomobil yolunun Novxanı qəsəbəsindən keçən qalan 6 km-lik hissəsində isə aparılan təmir-tikinti işləri isə son mərhələdədir. Layihə çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb, zəruri olan yerlərədə yol yatağının bərkitmə işləri aparılıb. Bundan öncə isə bu hissədə yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri də aparılaraq yekunlaşdırılıb.

 

Hazırda ərazi boyu piyada səkilərinin tikintisi, yeni səki daşlarının düzülməsi və asfalt-beton örtüyünün sonuncu layının döşənməsi işləri aparılır ki, bu işlər də yekunlaşmaq üzrədir. Ümumilikdə layihə boyu 150 min m2-dan çox əraziyə 2 və 3 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

 

Layihə çərçivəsində yolun 1.3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunub. Bundan başqa Novxanı qəsəbəsində yerləşən dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülər də əsaslı şəkildə yenidən qurularaq eni 7 m-dən 12.5 m-ə qədər genişləndirilib, kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün bir-neçə yerdə xüsusi boruların quraşdırılması işləri aparılıb.
 
Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Qeyd edək ki, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə yaradırdı. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılacaq, 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.