Piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində dövlət başçısının verdiyi tövsiyə və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Zığ-Hövsan avtomobil yolunda 3 yerüstü piyada keçidi inşa edilir.
Yeni piyada keçidləri sözügeən yolun 1.8, 2.7 və 4.4-cü km-lik hissələrində yerləşir.
Keçidlərin hər birinin uzunluqları 41.2 metr, qalereyasının eni 3.8 metr, hündürlüyü isə 3 metrdir. Üstü bağlı və 2 aşırımlı (orta dayaqlı) olan keçidlərin yol səthindən hündürlüyü 5.7 metr təşkil edir. Metal konstruksiyalı piyada keçidləri dəmir-beton dayaqlar üzərində qurulub.
“Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan işlər çərçivəsində hər 3 keçidin ətrafında avtobus dayanacağı quraşdırılacaq, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılacaq, ərazidə lazımi yol nişanları quraşdırılacaq.
Keçidlərin tikintisi ilə həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunacaq.