“Azəravtoyol” ASC –i tərəfindən 2017-ci ilin 6 ayı ərzində Bakı şəhərində və onun qəsəbələrarası avtomobil yollarında ümumi uzunluğu 42,6 kilometr, yol örtüyünün sahəsi 596,7 min m2 olan avtomobil yolu, prospekt və küçə tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur.
Bura Novxanı-Pirşağı (13,5 km) və Binəqədi-Novxanı (13.7 km) avtomobil yollarının tikintisini, Yasamal rayonu ərazisində keçmiş “Sovetski” adlanan ərazidə uzunluğu 7,1 km olan yeni avtomobil yollarının tikintisini, Nəsimi rayonu ərazisindəki Yusif Səfərov küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsini birləşdirən yeni yolun tikintisini ( 1,1 km), Binəqədi rayonu ərazisindəki Cəfər Xəndan, İbrahimpaşa Dadaşov küçələrinin təmiri aiddir.
Daha sonra Xətai rayonunda Yusif Səfərov, Yusif Səfərov küçəsi ilə Fəzail Bayramov küçəsini birləşdirən yeni yolu, Süleyman Vəzirov, Araz İsmayılov, Babək prospektinin bir hissəsi, Sergey Senyuşkin küçəsini, Nərimanov rayonunda Nəcəf Nərimanov və İsmayıl Hidayətzadə, Səbail rayonunda Neftçilər prospektində 2 ədəd dəmir yol xəttinin ləğv edilməsi ilə əlaqədar olaraq bu hissənin təmirini, Pirallahı rayonunda Səməd Vurğun küçəsinin yenidən qurulmasını, yeni tikilmiş Pirallahı körpüsünün giriş və çıxış yollarının tikintisini, Xəzər rayonunun Şüvəlan qəsəbəsində Lev Starçuk və s. küçələrin təmiri də bu siyahıya daxildir.
Görülən işlərə paralel olaraq Bakı şəhərində cari ilin 6 ayı ərzində Pirallahı rayonunda uzunluğu 422 m olan adanı sahillə birləşdirən yeni körpü tikilərək istismara verilmişdir.
Bakı-Şamaxı yolunda Sulutəpə qəsəbəsi ərazisində isə 1 ədəd, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Masazır və Ceyranbatan qəsəbələrindən keçən hissəsində 2 ədəd yerüstü, Yasamal rayonu ərazisində H. Cavid prospektində isə 1 ədəd yeraltı piyada keçidi tikilərək əhalinin istifadəsinə verilmişdir.
Qeyd edək ki, bundan əlavə Bakı şəhərinin bütün inzibati rayonları ərazisindəavtomobil yollarında, prospekt və küçələrdə 158,4 min m2 sahədə cari təmir işləri yerinə yetirilmişdir.