Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mühüm yol-nəqliyyat layihələri reallaşdırılır. Bu yollardan biri də Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yoludur.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.
Bu yolun tikintisinə Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən başlanılıb. Yol 5 min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə inşa edilib. Ümumi uzunluğu 31 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. Yol iki hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 7 metrdir.
Bildirildi ki, layihə çərçivəsində 482,2 min kubmetr torpaq işləri görülüb, yol əsasının və çiyinlərin tikintisinə 112 min kubmetr çınqıl, qum-qırmadaş qarışığı və 55 min ton asfalt-beton qarışığı sərf edilib. İnşaat işləri zamanı müxtəlif diametrli 30 suötürücü boru tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun istifadəyə verilməsi ümumilikdə rayonun sosial-iqtisadi inkişafına müsbət təsir edəcək, yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan yaradacaq.
Prezident İlham Əliyevə Gədəbəy rayonunda tikintisi başa çatmış avtomobil yollarının layihəsi barədə də məlumat verildi. Bildirildi ki, uzunluğu 5 kilometr, üçüncü texniki dərəcəli, 2 hərəkət zolaqlı Qızıltorpaq-Ağbaşlar avtomobil yolu istismara tam hazırdır. Bundan əlavə, 7 min əhalinin yaşadığı və beş yaşayış məntəqəsini birləşdirən Novosaratovka-Çobankənd-Novoivanovka kəndlərarası avtomobil yolunun tikintisi də başa çatıb. Doqquz kilometr uzunluğu olan bu yol dördüncü texniki dərəcəlidir və iki hərəkət zolaqlıdır. İnşası başa çatmış yollardan biri də Qarıkənd-Miskinli-Çalburun avtomobil yoludur. Uzunluğu 16 kilometr olan bu yol da dördüncü texniki dərəcəli olmaqla iki hərəkət zolaqlıdır.
Prezident İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.