İndi hədəf kənd yollarını yüksək standartlar səviyyəsinə çatdırmaqdır
Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət Azərbaycanı regionun davamlı inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətinə çevirib. Dövlət başçısının rəhbərliyi altında son illər ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi aparılan işlərin uğurlarından xəbər verir. Bu kontekstdə ölkəmizdə regional inkişafa xidmət edən proqramların həyata keçirilməsi, sənayeləşmə prosesinin sürətləndirilməsi də diqqət mərkəzindədir.
Xarici investisiyaların daha çox qeyri-neft sektoruna, regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının əsas xətti kimi diqqəti çəkir. Yeni neft strategiyası çərçivəsində böyük iqtisadi-siyasi dividendlərə yol açan qlobal enerji və kommunikasiya layihələrinin reallaşdırılması, qeyri-neft sektoruna diqqətin artırılması hesabına iqtisadi inkişafdakı dinamizmin neftdən asılılıq dərəcəsinin azaldılması, regionların tarazlı və davamlı inkişafı, yeni müəssisələrin yaradılması, bölgələrin tarixi məşğulluq ənənələrinin bərpası yolu ilə yeni iş yerlərinin açılması, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi ötən 14 ildə cənab İlham Əliyevin hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdən olub.
Dövlət başçısının 2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” respublikanın regionlarının, o cümlədən qeyri-neft sektorunun inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradır. Dövlət proqramı ölkədə makroiqtisadi sabitliyin təmin olunması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və iş yerlərinin yaradılması, əhalinin rifah halının daha da yaxşılaşdırılması kimi prioritetləri özündə ehtiva edir. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olmuşdur. Bölgələrdə sahibkarılığın inkişafı bu sahədə aparılan işlərin uğurlarından xəbər verir.
Regionların qeyri-proporsional inkişafının qarşısının alınması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə ötən dövrdə imzalanmış sənədlərin icra vəziyyəti ilə tanış olmaq, sıravi insanlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin mühüm cəhətlərindən biri kimi diqqət çəkir. Vətəndaşlarla birbaşa təmasa üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin dərhal həlli üçün qəti tapşırıqlar verən cənab
İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır.
Prezident İlham Əliyevin bu günlərdə Gədəbəy, Şəmkir, Samux rayonlarına səfəri də mühüm sosial obyektlərin açılışı ilə əlamətdar oldu. Azərbaycanın regionlarında son illər yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib.
Ölkə rəhbərinin Samux rayonuna səfəri çərçivəsində Zazalı-”İmamzadə” kompleksi - Gəncə avtomobil yolunun açılışında iştirakı deyilənlərə əyani misaldır. Uzunluğu 19 kilometrdən çox olan bu yolun tikilməsi Gəncə şəhərinin şimal hissəsindən keçən əlavə dairəvi avtomobil yolu rolunu oynayaraq Samux, Şəmkir, Tovuz, Qazax, Gürcüstan ilə dövlət sərhədi istiqamətində və əksinə hərəkət edən nəqliyyat vasitələrinin Gəncə şəhərinin mərkəzinə daxil olmadan yük və sərnişin daşımasını təmin etməyə imkan verəcək. Eyni zamanda, bu yol vasitəsilə əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olan, Gəncədəki VIII əsrə aid tarixi-memarlıq abidəsi kimi qorunan “İmamzadə” dini-mədəniyyət kompleksinə ziyarətçilərin rahat gediş-gəlişi təmin ediləcək.
Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışı da bu səfərə təsadüf etdi. 23 min nəfər əhalinin yaşadığı və 11 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verən bu yolun tikintisi Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı müvafiq sərəncama əsasən həyata keçirilib.
Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun istifadəyə verilməsi də orada yaşayan insanlar tərəfindən yüksək qarşılanıb. Bu yolun tikintisinə Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı sərəncama əsasən başlanılıb. Yol 5 min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə inşa edilib. Ümumi uzunluğu 31 kilometr olan Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun istifadəyə verilməsi ümumilikdə rayonun sosial-iqtisadi inkişafına müsbət təsir edəcək, yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan yaradacaq. Gədəbəy rayonunda Qızıltorpaq-Ağbaşlar avtomobil yolu da istismara verilib.
7 min əhalinin yaşadığı və beş yaşayış məntəqəsini birləşdirən Novosaratovka-Çobankənd-Novoivanovka kəndlərarası avtomobil yolunun tikintisi də başa çatıb. Doqquz kilometr uzunluğu olan bu yol dördüncü texniki dərəcəlidir və iki hərəkət zolaqlıdır. İnşası başa çatmış yollardan biri də Qarıkənd-Miskinli-Çalburun avtomobil yoludur. Uzunluğu 16 kilometr olan bu yol da iki hərəkət zolaqlıdır. Kənd əhalisi artıq müasir standartlara uyğun yoldan istifadə edəcək. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə gətirib çıxarır.
Prezident İlham Əliyevin adı çəkilən rayonlara səfəri bölgələrimizin davamlı inkişaf etdiyini və sosial-iqtisadi layihələrin uğurla icra edildiyini bir daha təsdiqlədi. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan bu siyasət bundan sonra da uğurla davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişaf tempini sürətləndirəcək və qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq.
Elnur HACALIYEV,
“Azərbaycan”