Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının icrası sayəsində son illərdə ölkədə bir sıra respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər, yolötürücüləri tikilib, yaxud təmir edilib.
Bu proqramlarda nəzərdə tutulan tədbirlər yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində sistemli işlərin həyata keçirilməsinə imkan verir. Nəticədə avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib, bu sahəyə davamlı və iri həcmli investisiyalar yönəldilib.
Son 14 ildə ölkədə 11 min kilometrdən çox avtomobil yolu tikilib. Təkcə magistral və şəhərlərarası yollar deyil, kəndarası yollar da ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin keçən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: “Bu il 40 layihənin həyata keçirilməsi nəzərdə tutulur. Yəni, 40 layihə, ən azı 40 kənd yolu layihəsi - əlbəttə ki, kəndlərin sayı daha çox olacaq, çünki hər bir layihə bir neçə kəndi birləşdirir - ən azı 40 layihə bu il icra ediləcək və lazımi səviyyədə vəsait də bu məqsədlər üçün ayrılacaq. Bu həm insanların rahatlığı deməkdir, həm də kənd təsərrüfatının inkişafı üçün lazımdır”.
İndiyədək bu layihələrə aid işlərin xeyli hissəsi görülüb. Bir sıra layihələrin həyata keçirilməsi isə uğurla davam edir.
Hazırda regionların sosial-iqtisadi inkişafına yönəldilən III Dövlət Proqramına (2014-2018-ci illər) uyğun olaraq Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı işlər aparılır. Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən, mühüm turizm marşrutuna daxil olan Qax və Zaqatala rayonlarının 22 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun müasir tələblərə uyğun yenidən qurulması bölgədə nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılmasına imkan verəcək. Dövlət başçısının imzaladığı sərəncama əsasən, bu yolun təmirinə 23,3 milyon manat vəsait ayrılacaq.
İstifadəyə verilən yolların bir çoxunun açılışında Prezident İlham Əliyevin iştirak etməsi dövlətin insanların rahatlığına və iqtisadiyyatın inkişafına xidmət edən yeni infrastrukturların yaradılmasına yönəltdiyi diqqəti bir daha təsdiqləyir.
Dövlət başçısının iştirakı ilə açılışı olmuş belə yollardan biri sözügedən Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qorağan-Qax hissəsidir. Yolun bu hissəsinin əsaslı şəkildə yenidən qurulması işləri uğurla və yüksək keyfiyyətlə başa çatdırılıb.
Layihənin başlanğıcı Qorağan-Qax-Zaqatala yolunun 14-cü kilometri, yəni, Qax şəhərinin girişi, sonu isə Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir. Uzunluğu 29,8 kilometr olan 8,6 kilometrlik hissədə tikinti işləri tam yekunlaşıb. Qorağan-Qax yolunun tikintisi layihəsi çərçivəsində 5 yeni körpünün inşası, bir körpünün əsaslı təmiri, suötürücü boruların quraşdırılması da nəzərdə tutulub.
Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Mühüm turizm marşrutuna daxil olmaqla yanaşı, yol əhatə dairəsinə xüsusilə Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verəcək. Eləcə də Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalacaq.
Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun əsaslı təmir olunmasına da zərurət yaranmışdır. Prezident İlham Əliyev bu avtomobil yolunun 100,7 min nəfər əhalinin yaşadığı iki rayonun inzibati ərazisindən keçən, 16 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 35 kilometr olan Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdır.
Yevlax rayonunun Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolu layihəsi sözügedən 40 layihədən biridir. Uzunluğu 18 kilometr olan avtomobil yolu yenidənqurmadan sonra istismara tam hazırdır. Layihə çərçivəsində yolda torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə xüsusi material tökülərək bərkitmə işləri görülüb.
Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir şəhəri - Mingəçevir dəmir yolu stansiyası arasında yerləşən hissəsinin yenidən qurulması işləri də yekunlaşıb. Bu hissənin uzunluğu 16,5 kilometrdir. Yol üçüncü texniki dərəcədən ikinciyə uyğun yenidən qurulub. Yol yatağının eni genişləndirilib.
Beləliklə, vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda rahat və maneəsiz gediş-gəlişi təmin olunub.
Yol infrastrukturunun təzələnməsi və müasirləşdirilməsi ölkənin bütün şəhər və rayonlarını əhatə edib. Respublikanın 36 rayonunda 40 kəndlərarası avtomobil yolu və bir körpünün, Bakıda isə 10 qəsəbələrarası avtomobil yolu layihəsi üzrə tikinti və yenidənqurma işləri davam edir. Bu yaxınlarda Bakı şəhərinin keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması layihəsi çərçivəsində görülən işlər başa çatdırılıb.
2016-cı ilin avqustundan icrasına başlanan layihəyə uyğun olaraq 26 hektar ərazidə yolların salınması və abadlıq işlərinin aparılması həyata keçirilib. Ümumi uzunluğu 7 kilometr olan Nəriman Nərimanov prospektində, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması artıq yekunlaşıb. Nəriman Nərimanov prospektinin yenidən qurulması zamanı hərəkət zolaqlarının sayı 4-ə çatdırılıb.
Keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi ilə bağlı görülmüş işlər Bakının yol-nəqliyyat infrastrukturunun müasir səviyyədə qurulmasında xüsusi əhəmiyyət kəsb edir.
Bakı şəhərinin digər yerlərində də yollar salınır, yaxud təmir edilir. Yusif Səfərov küçəsinə paralel olaraq tikilən küçədə, Bilgəh-Sumqayıt yolunun tikintisində və digər ərazilərdə aparılan işləri misal göstərmək olar.
Yol rahatdırsa, insanlar da rahat olur və gediş-gəliş zamanı əziyyət çəkmirlər. Hansı kəndin, şəhərin yolu rəvandırsa, oraya işləməyə gələn də, alış-veriş edən də çox olur. Bir sözlə, iqtisadiyyat inkişaf edir.
Flora SADIQLI,
“Azərbaycan”