M5-in 35 km-lik hissəsi əsaslı şəkildə təmir olunur - VİDEO / FOTO

15 Sentyabr 2017- 09:30
11 M5-in 35 km-lik hissəsi əsaslı şəkildə təmir olunur - VİDEO / FOTO

 

Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Son illərdə avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir, bu sahəyə davamlı və irihəcmli investisiyalar yönəldilir.

 

Bu tədbirlərin davamı olaraq, M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun əsaslı təmir olunması zərurəti yaranıb.

 

Vətəndaşların rahat gediş-gəlişini təmin edilməsinə xüsusi diqqət ayıran dövlət başçısı ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, sözügedən avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (129-164 km) əsaslı təmir olunması ilə bağlı imzaladığı sərəncama əsasən “Azəravtoyol” ASC tərəfindən dərhal təmir-tikinti işlərinə start verilib.

 

Əsaslı təmir olunan yolun uzunluğu 35 km, eni isə 13 metrdir. Bura hər iki istiqamət üzrə 2 metr enində çiyinlər və genişləndirildikdən sonra 9 metr enində hərəkət hissə daxildir.

 

Hazırda sözügedən yolda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Bundan başqa zəruri olan yerlərdə yolun yararsız quruntu qazılaraq çıxarılır, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, yol yatağı bərkidilir.

 

Yol yatağının və zəruri olan yerlərdə yol əsasının tikintsinindən sonra yolda asfaltlanma işlərinə başlanılacaq. Ümumilikdə yolun 300 min m2-dən çox sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örütüyü döşənəcək.

 

Layihə çərçivəsində yol boyu mövcud olan 5 avtomobil körpüsünün əsaslı şəkildə təmiri, suların ötürülməsi üçün 68 ədəd müxtəlif ölçülü dəmir-beton boruların və 70 avtobus dayanacağının quraşdırılması nəzərdə tutulub.

 

Əsaslı təmir işləri tamami ilə başa çatdıqdan sonra yola məlumatverici lövhələr və yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq.

 

Qeyd edək ki, əsaslı təmir olunan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Zaqatala-Balakən-Mazımçay hissəsi 100.7 min nəfər əhalinin yaşadığı 2 rayonun inzibati ərazisindən keçməklə 16 yaşayış məntəqəsini birləşdirir. Əsaslı təmir işləri yol boyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq.