Regionları birləşdirmək, kənd təsərrüfatının və turizmin inkişafı baxımından xüsusi əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşviqabad qəsəbəsindən keçən 1.9 km-lik hissəsinin 2 hərəkət zolağından 6 hərəkət zolağı enində genişləndirilərək tikintisi işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
Layihə sözügedən yolun 23.3-25.1-ci km-lik (1.85 km) hissəsini əhatə edir və icrasına ötən ilin avqust ayında start verilmişdi.
Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 m-dən 22.5 metrə qədər genişləndirilib. 1 metr enində ayrıcı zolaq və 1.5 metr enində piyada səkiləri də daxil olmaqla yol yatağının ümumi eni 29.5 metr təşkil edir.
Tikinti işləri çərçivəsində yol boyu 80 min m3 qazma-dolğu işləri görülüb, əsasın tikintisində 36 min m3 optimal qırmadaş və qum-çınqıl materialından istifadə olunub, daha sonra yola 3 qat olmaqla (33 sm) 40 min ton yeni asfalt-beton örtük döşənib. Bundan başqa layihəyə uyğun olaraq 54 ədəd kommunikasiya xətləri köçürülüb, 3 km uzunluğunda suötürücü beton kanal inşa edilib və yol kənarına 8500 p/m səki daşı düzülüb.
Qəsəbədən avtonəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 4.5 metr enində kollektor yolların inşası, Müşfiqabad qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 metr uzunluğunda qəsəbədaxili yolun, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri də yerinə yetirilib.
Ən əsası vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə 2 yerdə, yolun 23.5-ci və 24.4-cü km-lik hissəsində metal konstruksiyalı yeni yerüstü piyada keçidləri inşa edilib.
Metal konstruksiyalı və orta dayaqlı keçidlər dəmir-beton özül dayaqlar üzərində qurulub. Üstü bağlı olan keçidlərin hər birinin uzunluğu 38 metr təşkil edir. Pilləkan hissələr də daxil olmaqla keçidlərin ümumi uzunluğu 72.8 metr, qalereyasının eni isə 3.7 metrdir. Keçidlərin yol səthindən hündürlüyü 5.5 metr təşkil edir.
Layihə çərçivəsində piyada keçidlərinin inşasına paralel olaraq sözügedən hissə boyu abadlıq işləri aparılıb, 5 avtobus dayanacağı, həmçinin zəruri olan yerrlərdə 130 yol nişanı və məlumatverici lövhə quraşdırılıb. Yolun sutkanın qaranlıq saatlarında işıqlandırılması üçün 9 və 12 metr hündürlükdə 83 işıq dirəyi quraşdırılıb.
Qeyd edək ki, “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən mühüm əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci km-lik ( 77.7 km ) layihə hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına (bəzi hissələrdə 6 zolaq) genişləndirilməsi uğurla icra olunaraq yekunlaşdırılır.
Sözügedən avtomobil yolu 4 hissə üzrə yenidən qurulur. Artıq yolun 23.3-25.1 və 54.6-77.5-ci km-lik hissəsində yenidənqurma işləri tam olaraq yekunlaşdırılıb. Yolun 77.5-101-ci km-lik hissəsində son tamamlanma işləri aparılır, 25.1-54.6-cı km-lik hissədə isə işlər davam etdirilir və yaxın aylatr ərzində bu hissədə də işlər yekunlaşdırılacaq.
Ümumilikdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23.3-101-ci km-lik hissəsində layihə çərçivəsində Ceyrankeçməz çayı üzərində 2 yeni avtomobil körpüsü, 123 dairəvi boru, 14 düzbucaqlı su keçidi, 20 yeraltı keçid və 26 drenaj boru inşa edilib, 11 geri dönməni təmin etmək üçün xüsusi hissə və 8 yerüstü piyada keçidi isə inşa edilir.
Yaxın müddət ərzində isə yolun 101-117-ci km-lik (16 km) hissəsinin də yenidən qurulmasına başlanılacaq.
Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə, turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.