Azərbaycanda ən müasir yol infrastrukturu qurulur

25 Oktyabr 2017- 09:32
11 Azərbaycanda ən müasir yol infrastrukturu qurulur

“Bu il 40 layihənin həyata keçirilməsi nəzərdə tutulur. Yəni, 40 layihə ən azı 40 kənd yolu layihəsi - əlbəttə ki, kəndlərin sayı daha çox olacaq, çünki hər bir layihə bir neçə kəndi birləşdirir - ən azı 40 layihə bu il icra ediləcək və lazımi səviyyədə vəsait də bu məqsədlər üçün ayrılacaq. Bu, həm insanların rahatlığı deməkdir, həm də kənd təsərrüfatının inkişafı üçün lazımdır”.

İlham ƏLİYEV

 

Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Fərəhlidir ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. 

 

Hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da irimiqyaslı layihələr icra olunur. Yol şəbəkəsinin yenidən qurulması, sözün əsl mənasında, ürək açır. Azərbaycanın yol infrastrukturunun dəyişdirilməsinə, yollarımızın formalaşdırılmasına və inkişafına hələ 24 il əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmışdır. Ulu öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat faktoru deyil, həm də bütünlüklə həyat mənbəyi hesab etmişdir.


Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Təsadüfi deyil ki, ölkə Prezidenti bu il sentyabrın 20-də BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərkən ölkəmizdə aparılan uğurlu islahatlardan danışmış, son illərdə respublikada 11 min kilometr uzunluğunda müasir avtomobil yollarının çəkilməsini diqqətə çatdırmışdır. İndi istər paytaxt Bakıda, istərsə də bölgələrdə uzanan müasir yollar ümumilikdə ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin edir, məhsulun itkisiz daşınmasına şərait yaradır və regionların sosial-iqtisadi inkişafına kömək edir.


Öz fəaliyyətini müasir tələblər səviyyəsində quran və nailiyyətlərini artıran “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti respublikanın ümumi istifadəsində olan 17 min 500 kilometr avtomobil yollarına, Bakı şəhərinin 1600 kilometr uzunluğunda olan küçə və prospektlərinə, eləcə də bu yollar üzərində yerləşən 1400-dən çox yolötürücüsünə, körpü və tunellərə göstərdiyi nümunəvi xidməti günbəgün yüksəldir.


Prezident İlham Əliyevin imzaladığı 2015-ci il 28 dekabr tarixli sərəncamı da respublikanın avtomobil yolları təsərrüfatında qarşıya çıxan iqtisadi və texniki məsələlərin operativ həllinə güclü təkan vermişdir. Bu sərəncamın imzalandığı vaxtdan keçən qısa dövr ərzində uzunluğu 1700 kilometr olan avtomobil yolları, küçə və prospektlər tikilmiş, habelə yenidən qurulub təmir olunmuşdur. Ümumi istifadədə olan avtomobil magistrallarında və Bakı şəhərindəki yollarda 26 yeni və müasir tipli körpü və 8 piyada keçidi tikilib istifadəyə verilmişdir. Dövlət başçısı yol infrastrukturunun dəyişdirilməsi və müasirləşdirilməsi ilə bağlı işlərə xüsusilə böyük əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanır. Ölkə Prezidenti ötən yaxın dövr ərzində 51 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma mərasimlərində iştirak etmiş, öz dəyərli tapşırıq və tövsiyələrini vermişdir.


Azərbaycan Prezidenti İlham Əliyev elə bu yaxınlarda - oktyabrın 2-də Qobustan rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101 kilometrlik hissəsini əhatə edən Cəngi-Bədəlli yolunun açılışında iştirak etmiş, yolun rəmzi açılışını bildirən lenti kəsmişdir. Bakı-Şamaxı-Muğanlı yolunun Cəngi-Bədəlli hissəsi Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq əsaslı şəkildə yenidən qurulub. Dövlət başçısı elə həmin gün Qobustan rayonunda 15 min nəfərin yaşadığı 6 kəndi birləşdirən və “40 yol” layihəsindən biri olan Təklə-Sündü-Xilmilli, Şamaxı-Göylər-Padar və əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yollarının açılışında iştirak etmişdir. Layihə çərçivəsində yol boyu tikilən 16 yeraltı və 6 yerüstü piyada keçidləri, avtobus dayanacaqları tikilmiş, 150-yə yaxın yol nişanı quraşdırılmışdır. Pirqulu-Dəmirçi avtomobil yolu 5 kəndi birləşdirir. Dağlıq ərazidə yerləşən Pirqulu-Dəmirçi yolunun uzunluğu 8 kilometrdir. Bu yol uzun müddət gözdən uzaq olmuş və təmir edilməmişdir. Ümumiyyətlə, Pirqulu-Dəmirçi yoluna asfalt qatı vurulmadığına görə hərəkət hissəsi tamamilə sıradan çıxmışdı. Bu acınacaqlı vəziyyət nəqliyyat vasitələrinin payız və qış aylarında hərəkətində ciddi problem yaradırdı. “Azəravtoyol” ASC-nin gördüyü operativ işlər nəticəsində Pirqulu-Dəmirçi avtomobil yolu iki hərəkət zolaqlı olmaqla dördüncü texniki dərəcəyə uyğun yenidən qurulmuşdur. Yolun hərəkət hissəsinin eni 3,5-4 metr, çiyinlər də daxil olmaqla yol yatağının eni 7-8 metr təşkil edir. Yol boyunca müxtəlif diametrli 14 suötürücü boru tikilmişdir. Şamaxı rayonunun dağlıq ərazisində yerləşən bu avtomobil yolu əlbəttə, regionda yük və sərnişin daşımalarını xeyli yaxşılaşdıracaq, bölgədə turizmə və sosial-iqtisadi inkişafa təkan verəcək, habelə əhalinin rifahının yüksəlməsinə xidmət göstərəcək. Bu yol həm də piyadaların təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaqdır. Ən başlıcası isə, kənd təsərrüfatı işçiləri öz məhsullarını daha tez və rahat bazara çıxara biləcəklər.


Artıq dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda və paytaxt Bakıda keçirilmiş uğurlu mötəbər yarışlarla bağlı ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Təşkilat Komitəsi tərəfindən həmin dövr ərzində “Azəravtoyol” ASC-yə verilmiş bütün tapşırıqlar da vaxtında və yüksək səviyyədə yerinə yetirilmişdir.


Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda demişdir: “2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu tikilmişdir. Bu, həm magistral yollara, həm də şəhərlərarası və kənd yollarına aiddir. Bu yol infrastrukturu həm insanlara rahatlıq verir, eyni zamanda iqtisadi inkişaf üçün də mühüm amildir. Yol olmayan yerdə nə investisiya, nə iş yeri, nə də bir inkişaf olacaq. Ona görə yol infrastrukturuna çox böyük diqqət verilmişdir. Bununla bərabər, yol tikintisində kifayət qədər çox işçi qüvvəsi iştirak edir və beləliklə biz məşğulluğu təmin etmişik. Müasir yol infrastrukturu yaradılıb, bu proses davam etdirilir. Qarşıya məqsəd qoyulub ki, bütün yollar yüksək səviyyədə olsun, magistral şəhərlərarası, kənd yolları, fərq etməz, bütün yollar”.


Azərbaycan Prezidentinin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib.


Cari ilin yanvar ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair həsr olunmuş iclasında da kəndlərarası “40 yol” layihəsinin həyata keçirilməsi “Azəravtoyol” ASC qarşısında mühüm vəzifə kimi qoyulmuşdur.


“Azəravtoyol” ASC-nin kollektivinin fədakar əməyi sayəsində həmin dövr ərzində imzalanmış 81 sərəncama əsasən 48 rayon və şəhər ərazisində 3,6 milyon əhalinin yaşadığı 761 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 1.816 kilometr olan avtomobil yollarının tikintisi və yenidənqurulması işləri uğurla davam etdirilir. Cəmiyyətin yol inşaatçıları var qüvvələrini səfərbərliyə alaraq bu günədək 3 milyon əhalinin yaşadığı 500-ə yaxın yaşayış məntəqəsini birləşdirən, uzunluğu 1030 kilometr olan 56 layihənin icrasını da artıq başa çatdırmışlar. 


“Azəravtoyol” ASC-nin kollektivi cəbhə bölgəsində avtomobil yollarının tikintisini xüsusilə diqqət mərkəzində saxlayır. Azərbaycanın Silahlı Qüvvələri 2016-cı ilin aprel ayında təcavüzkar Ermənistanın işğalı altında olan torpaqlarımızın bir hissəsini qəhrəmancasına azad etməklə ölkədə qələbə coşqusu yaratdılar. Nəticədə təhlükəsiz əraziyə çevrilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi öz normal həyatına qayıtdı. Dövlət başçısının 2017-ci il 10 fevral tarixli sərəncamına əsasən “Azəravtoyol” ASC-nin yol inşaatçıları Cocuq Mərcanlıya gedən 9 kilometr uzunluğunda yolu qısa bir zamanda uğurla bərpa etmişlər. Yeni qurulmuş bu yol Cocuq Mərcanlı daxil olmaqla Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli və İmanverdi kənd sakinlərinin də gediş-gəlişini xeyli yaxşılaşdırıb. “Azəravtoyol” ASC-nin kollektivi Cocuq Mərcanlıya gedən yolu yenidən qurmaqla bütün Azərbaycana ilk qələbə yolunu açmış oldu.


Bu il iyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Böyük qayıdış”ın ilk ünvanı olan Cocuq Mərcanlı yolunun açılış mərasimi keçirilmişdir. Hazırda dövlət başçısının tapşırığına uyğun olaraq “Azəravtoyol” ASC-nin yol inşaatçıları həmin istiqamətdən Bəhramtəpə-Horadiz-Mincivan magistral avtomobil yolunun 64 kilometrlik hissəsinin bərpa işlərini sürətlə davam etdirirlər. Bəhramtəpə-Horadiz-Mincivan avtomobil yolu cari ilin sonunda istifadə üçün planlaşdırılır. Amma “Azəravtoyol” ASC kollektivinin müqəddəs arzusu odur ki, erməni tapdağı altında olan bütün ərazilərimiz azad edilsin və başdan-başa Qarabağa müasir avtomobil yolları çəkilsin.


İyirmi birinci yüzillikdə çox böyük aktuallıq kəsb edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun bir çox hissəsində tikinti işləri artıq başa çatmışdır. “Azəravtoyol” ASC-nin inşaatçıları layihə çərçivəsində iki gediş və iki gəliş olmaqla dörd hərəkətli müasir yol 1B texniki dərəcəyə uyğun olaraq inşa edirlər. Kollektiv 25 kilometrlik Yenikənd-Salyan (Kür körpüsü 1,6 kilometr), 24,8 kilometrlik Salyan-Şorsulu, 70,1 kilometrlik Şorsulu-Cəlilabad, 32,2 kilometrlik Cəlilabad-Masallı və 61,4 kilometrlik Masallı-Astara hissələrində tikinti işlərini sürətləndirir və keyfiyyətə diqqəti artırırlar. Bu hissələrdə yol əsasının inşası asfalt-beton örtüyünün döşənməsi, yamacların bərkidilməsi və dəmir-beton baryerlərin qoyulması işləri aparılır. Salyan-Şorsulu və Şorsulu-Cəlilabad hissələrində isə 179 dairəvi boru və düzbucaqlı su keçidi, 21 yeraltı keçid, 5 körpü, həmçinin 1 tunel inşa edilmişdir. Yolun Şorsulu-Cəlilabad hissəsində 12,5 kilometrlik yol trası Mahmudçala və Ağçala bataqlıq və göl ərazilərindən keçdiyi üçün burada yol yatağının torpağın xüsusi bərkitmə texnologiyası əsasında inşası başa çatdırılmışdır. Onu da qeyd edək ki, həmin ərazilərdə heç vaxt insan məskunlaşmamışdır. Burada yol strukturu olmadığından yol yatağının tikintisi üçün 70 kilometrlik məsafədən qaya və daş parçaları gətirilmişdir. Ən əsası isə yol tikintisi normalarına uyğun olaraq drenaj sistemi qurulmuşdur. Yolun əsası isə daş-dolğudan inşa olunmuşdur. “Azəravtoyol” ASC-nin yol inşaatçıları yeni magistral yolun bataqlıq və göl ərazisindən keçən ərazisi üçün bir milyon tondan çox qaya və daş dolğusundan istifadə etmişlər. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yolunun tikintisi başa çatmış 73,7 kilometrlik hissəsində ümumilikdə 303 dairəvi boru, düzbucaqlı su keçidləri, 32 yeraltı keçid, 2 tunel və 31 körpü inşa edilmişdir. Lənkəran çayı üzərində inşa edilən və uzunluğu 205 metr olan yeni avtomobil körpüsü də bura daxildir. Bununla yanaşı, yeni magistral yol boyu zəruri olan yerlərdə yol nişanları və məlumatlandırıcı lövhələr quraşdırılmış, yolun işıqlandırılması, yol cizgi və yolgöstərici xətlərin çəkilişi işləri də yekunlaşdırılmışdır.


Mühüm əhəmiyyət kəsb edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr təşkil edir. Yeni yol istifadəyə verildikdən sonra burada məsafə 38,4 kilometr qısalacaq. Şübhəsiz ki, müasir olan bu yol Azərbaycanda turizmin və kənd təsərrüfatının sürətli dirçəlişinə, xüsusən də regionların sosial-iqtisadi inkişafına güclü təkan verəcək. Həmçinin Şimaldan Cənuba avtomobil yükdaşımaları dəhlizinin əsas elementlərindən biri olan Ələt-Astara yolu daşımaların daha rahat və itkisiz həyata keçirilməsinə şərait yaradacaq. Nəticədə isə yükdaşımaların artımı müşahidə ediləcək. 


Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yolunun əsas hissəsi artıq istifadəyə hazırdır. Amma beynəlxalq əhəmiyyətli bu müasir yol tam olaraq 2018-ci ildə istifadəyə veriləcək. 


Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən paytaxt Bakıda və ölkənin bütün bölgələrində avtomobil yol şəbəkəsi genişlənir, infrastruktur təzələnir və müasirləşir. Yol təsərrüfatındakı quruculuq və abadlıq işləri hər kəsdə qürur hissi oyadır. 


Respublikamızda yeni yolların tikilməsi ilə bağlı son aylarda Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlar imzalaması yol inşaatçıları üçün yeni vəzifələr açır. Həmin sərəncamlar “Azəravtoyol” ASC-nin kollektivi qarşısında daha mühüm öhdəliklər planlaşdırır. Belə ki, cəmiyyətin yol inşaatçıları həmin sərəncamlara uyğun olaraq Şamaxı rayonunun Göylər-Quşçu, Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sorov, Sabirabad rayonunun Qalağayın-Osmanlı-Çöl Beşkəli-Zalqarağac-Çöl Ağaməmmədli-Aradkənd-Muğan Cəmilli, Bakı şəhəri Xəzər rayonunun Zirə-Türkan, Bərdə rayonunun Yeni Daşkənd-Umudalılar, Ucar rayonunun Ucar-Gərayılbəyli-Cəlayır, Astara rayonunun Taxtanəkaran-Miki və Taxtanəkaran-Toradi, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi-Lahıc, Göyçay rayonunun Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yollarının tikintisinə başlamışlar. Bütün bunlarla yanaşı, “Azəravtoyol” ASC Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmirini və Qorağan-Qax-Zaqatala avtomobil yolunun bərpasını da həyata keçirəcəkdir.


Dövlət başçısı oktyabrın 23-də Şəki şəhərinin Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında daha bir sərəncam imzalamaqla “Azəravtoyol” ASC-nin yol inşaatçıları qarşısında yeni bir vəzifə müəyyənləşdirmişdir.


“Yol həm mədəniyyətdir, həm rahatlıqdır, həm müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir”. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu sözlərini artıq özümüzə deviz seçmişik. Azərbaycanın yol infrastrukturunun başdan-başa təzələnməsi barədə öhdəlik götürən kollektivimiz regionların sosial-iqtisadi inkişafına kömək etmək, ölkənin iqtisadiyyatına yeni töhfə vermək və daha böyük nailiyyətlər qazanmaq uğrunda əsl yarışa qoşulmuşdur. Eyni zamanmda, əzmlə çalışırıq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azəravtoyol” ASC-nin yol inşaatçıları qarşısında qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələk. Şübhəsiz, biz dövlət başçısının etimadını mütləq doğruldacağıq. Bu sözləri isə bizə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dedi.


Artıq Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Ölkənin göz oxşayan rahat və müasir magistral yolları əcnəbi turistləri daha çox cəlb edir. Ölkəmizə gələn bir də gəlmək istəyir. Turistlər rahat və təhlükəsiz yollarla Qubanın Xınalıq kəndinə, İsmayıllının Lahıc qəsəbəsinə, cənub mirvarisi Lənkərana, Qusarın “Şahdağ” Qış-Yay Turizm Kompleksinə, Şəkidəki Kiş Alban məbədinə, Şəki Xan sarayına, dənizkənarı bulvarı ilə seçilən gözəl təbiətli Astaraya və başqa görməli, səfalı turizm məkanlarına baxmaqdan doymurlar. Təsadüfi deyil ki, cari ildə Azərbaycana gələn turistlərin sayı 2 milyona yaxın olmuşdur.


Müasir yol infrastrukturu artıq Azərbaycanda özünün layiqli yerini tutmuşdur. Magistral yollarımız ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, ən əsası isə, xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməkdədir. Bir sözlə, müasirləşən yol şəbəkəsi infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir.


Bu gün də, sabah da “Azəravtoyol” ASC yol inşaatçılarının bir amalı, bir məqsədi var: xalqımızın həyat səviyyəsini yüksəltmək, müstəqil Azərbaycanın çiçəklənməsinə nümunəvi xidmət göstərmək, mürəkkəb yol tikinti layihələrini bundan sonra daha da uğurla yerinə yetirmək və yeni-yeni zirvələr fəth etməkdir. Bütün bunlar həm də “Azəravtoyol” ASC kollektivi üçün günün şüarı, əsl deviz və əməli fəaliyyət proqramıdır.

 

Məhərrəm SƏFƏRLİ,
“Azərbaycan”