Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 120-200-cü ( 80 km ) kilometrlik Hacıqabul-Kürdəmir və 200-287,805-ci ( 87,805 km ) kilometrlik Kürdəmir-Ucar-Yevlax hissələrinin 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihələrinin icrası tam sürətlə həyata keçirilir və yekunlaşmaq üzrədir.
İşlər ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən “Azəryolservis” ASC tərəfindən tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Sözügedən avtomobil yolunun yenidənqurulması layihəsi 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində aparılır.
I texniki dərəcəyə qurulan Hacıqabul-Kürdəmir yolunun uzunluğu 80 kilometr, Kürdəmir-Ucar-Yevlax-Tərtər yolunun uzunluğu isə 87,8 kilometrdir. Hər iki layihə üzrə yolun bir istiqamət üzrə hərəkət hissəsinin eni 13,75 metr olmaqla, ümumi eni 27,5 metrdir. Hərəkət zolaqlarının sayı 4 olmaqla, hər bir zolağın eni 3,75 metr, yol örtüyü polimer asfalt-betondur.
Layihələrə uyğun olaraq yol yatağının qalınlığı hamarlayıcı qat 30 santimetr, əsasın alt layı 25 santimetr, əsas lay 20 santimetr olmaqla ümumilikdə 75 santimetrdir. Asfalt-beton örtüyü isə 3 qat olmaqla qalınlığı 25 santimetrdir ( bitumlu lay 12 sm.,əlaqələndirici lay 8 sm., aşınma layı 5 sm.)
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsinin yenidənqurulması layihəsi çərçivəsində 5 ədəd yol qovşağı və 1 ədəd su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilərək yekunlaşdırılıb. Bundan başqa yolda 19 ədəd yeraltı keçid, 25 ədəd düzbucaqlı drenaj qurğusu, 148 ədəd suötürücü dairəvi boru mənfəz və 24 ədəd avtobus dayanacağı tikilib, yol boyu müvafiq yol nişanlarının quraşdırılması aparılıb.
Hacıqabul-Kürdəmir yolunun 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinə uyğun olaraq, yolda torpaq işləri tam olaraq görülərək, yekunlaşdırılıb, 12 santimetr bitumlu lay və 8 santimetr əlaqələndirici lay olmaqla 20 santimetr qalınlığında asfalt-beton örtüyü döşənib. Hazırda yola 5 santimetr qalınlığında sonuncu aşınma qatının döşənməsi və yol boyu ikitərəfli işıqlandırma sistemlərinin qurulması işləri həyata keçirilir.
Ümumilikdə Hacıqabul-Kürdəmir avtomobil yolununda fiziki işlərin həcmi 90 faiz təşkil edir.
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax-Tərtər hissəsinin yenidənqurulması layihəsi çərçivəsində 4 ədəd yol qovşağı və 5 ədəd su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilir. Hazırda körpülərdə son tamamlanma işləri görülür.
Bundan başqa yolda 25 ədəd yeraltı keçiddən 11-ü tikilib, 14-ü tikilməkdədir, 39 ədəd düzbucaqlı drenaj qurğusunun tikintisi tam olaraq yekunlaşdırılıb, 124 ədəd suötürücü dairəvi boru mənfəzdən 114-ü tikilib, 10-u hazırda tikilməkdədir və 16 ədəd avtobus dayanacağın tikintisi artıq yekunlaşıb. Layihəyə uyğun olaraq yolda müvafiq yol nişanlarının quraşdırılması işləri də aparılıb.
Hazırda Kürdəmir-Ucar-Yevlax-Tərtər yolunun yenidənqurulması çərçivəsində bəzi hissələrdə torpaq işlərinin görülməsi davam edir. Bu istiqamətdə işlərin 85 faizi artıq yekunlaşıb. Bu işlərə paralel olaraq torpaq işlərinin yekunlaşdığı ərazilərə isə asfalt-beton örtüyünün döşənməsi həyata keçirilir. Artıq işlərin təqribən 70 faizi görülüb. Yolun işıqlandırılması isiqamətində də işlər davam etdirilir.
Ümumilikdə Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yoluna 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi üzrə işlərin 73 faizi görülərək yekunlaşdırılıb.