Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisi davam etdirilir - VİDEO / FOTO

18 Noyabr 2017- 16:51
11 Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisi davam etdirilir - VİDEO / FOTO

Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Azəravtoyol” ASC tərəfindən dərhal yenidənqurma işlərinə start verilib.

 

Sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyin hissələr daxildir.

 

Avtomobil yolunun ümumi uzunluğu 72 km təşkil edir. Yolun 51 km-i Cəlilabad rayonu, 21 km- isə Yardımlı rayonu ərazisindən keçir. 

 

Bundan öncə yolun Cəlilabad rayonu ərazisinə düşən 51 km-lik hissəsinin 35 km-də yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb. İki rayonu birləşdirmək baxımından mühüm əhəmiyyətə malik avtomobil yolunun tikintisinin 2-ci mərhələsi hazırda Cəlilabad rayonu ərazisində qalan 16 km-lik hissədə aparılır.

 

Tikinti işləri zamanı yol yatağı hazır vəziyyətə gətirilir, yeni yol əsası tikilir. Hazır olan hissələrə isə yeni asfalt-beton örtük döşənir. Ümumilikdə Cəlilabad rayonu ərazisində 16 km-lik hissəyə 2 qat olmaqla asfalt örtük döşənəcək. Bu isə öz növbəsində 100 min m2-ə yaxın sahə deməkdir.

 

Layihə çərçivəsində yolun altından suların ötürülməsi üçün zəruri olan yerlərdə müxtəlif diametrli suötürücü boruların tikintisi işləri də aparılır. Artıq 10 yerdə 500, 800 və 1500 mm diametrli boruların quraşdırılması işləri aparılaraq yekunlaşdırılıb. Hazırda yol boyu zəruri olan digər yerlərdə də bu istiqamətdə işlər davam etdirilir.

 

Cəlilabad rayonu ərazisində aparılan yenidənqurma işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılıb. Növbəti, 2018-ci ildə isə yolun digər hissəsinin, yəni Yardımlı rayonu ərazisinə düşən 21 km-lik hissəsinin tikintisi nəzərdə tutulub.

 

Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlıq qüvvə və texnika cəlb olunub. Tikinti işləri bitəndən sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlər çəkiləcək.

 

Qeyd edək ki, Cəliabad və Yardımlı rayonları arasında yeni bir bağlantı yaradacaq yolun yenidən qurulması ilə 59 yaşayış məntəqəsinin 60 mindən çox əhalisinin gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması isə asanlaşacaq. Bundan başqa yeni yolun salınması ilə yol boyu yaşayan əhalinin yetişdirdikləri məhsulları istər Yardımlı, istərsə də Cəlilabad rayon mərkəzlərinə rahat şəkildə daşımasına imkan yaranacaq, bu isə sözügedən bölgədə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.