Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin payız-qış mövsümündə həyata keçirdiyi tədbirlərdən biri də tabeliyindəki avtomobil yollarının mühafizə zolaqlarında yaşıllıq zolaqlarının salınmasıdır.
Bu məqsədlə Dövlət Agentliyinin tabeliyindəki Yol Yaşıllaşdırma MMC-lərinin kollektivləri tərəfindən davamlı şəkildə ağacəkmə aksiyası keçirilir.
Bu dəfə aksiya Bakı şəhərinin Zığ dairəsi-Hava Limanı avtomobil yolunun mühafizə zolağında keçirilib. Bir gündə yol kənarlarına 5000 ədəd eldar şamı, zeytun ağacı, 2000 ədəd isə oleandara və sezalpin kol bitkisi, Bakı Dairəvi I yolunun kənarında isə 1000 ədəd eldar şamı, 300 ədəd həmişəyaşıl kol bitkisi əkilib.
Agacəkmə aksiyası respublika əhəmiyyətli avtomobil yollarının da mühafizə zolaqlarında keçirilib.
Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Gəncə-Qazax hissəsininin, Bakı-Quba-Rusiya Federasiyası ilə Dövlət sərhədi, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil mühafizə zolaqlarına 45 min ədəd eldar şamı, iydə, ağcaqayın, aksiya, sərv digər müxtəlif növ ağac əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.