Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə “Azəryolservis” ASC tərəfindən müxtəlif layihələr uğurla və yüksək keyfiyyətlə icra olunmaqdadır.
Bu layihələrdən biri də Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirəcək yeni avtomobil körpüsünün tikintisi işləridir. Bu çərçivədə aparılan tikinti işləri başa çatmaq üzrədir.
Layihə çərçivəsində yol ötürücüsünün dayaqları və istinad divarlarının tikintisiartıq başa çatıb. Hal-hazırda körpüdə aşırım qurğusunun tikintisi tamamlanmaq üzrədir. Körpüdə beton işlərinin isə bu ayın sonuna kimi yekunlaşdırılması planlaşdırılır.
Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən yol ötürücüsünün uzunluğu 710 metr, körpü hissəsinin uzunluğu isə 422 metrdir. Yanaşma yolları ilə birlikdə layihənin ümumi uzunluğu 1300 metrdir. Körpünün dəniz suyu səviyyəsində hündürlüyü (orta aşırımda) 11 metr, hərəkət hissəsinin eni 12 metr olmaqla, ümumi eni 14 metrdir.
Yeni yol ötürücüsündə inşaat işlərinin xeyli hissəsi, daha dəqiqi 85 faizi yerinə yetirilib. 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində isə avtomobil körpüsünün istismara verilməsi planlaşdırılır. Körpü istismara verildikdən sonra onun altından gəmilərin sərbəst hərəkəti də nəzərdə tutulub. Bu məqsədlə lazımi işlər artıq başa çatdırılıb.
Dəniz dalğalarının Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarmasının qarşısını almaq, avtomobil körpüsünün tikintisini sürətləndirmək və yolətrafı zonada ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə magistral boyu sahilbərkitmə işləri də aparılaraq, yekunlaşdırılıb.