Azərbaycanda yol şəbəkəsinin təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir. Birbaşa Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarılan əsasən regionlarda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alır.
Kənd və qəsəbələrarası yolların yenidən qurulması layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Samux rayonunda uzunluğu 30.9 km olan iki avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Bu 18.2 km-lik Çobanabdallı-Lək-Əlibayramlı və 12.7 km-lik Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yollarıdır. Avtomobil yollarının hər biri 3 yaşayış məntəqələrini əhatə etməklə 10 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdıracaq.
Çobanabdallı – Lək – Əlibayramlı avtomobil yolunun 4.3 km-lik hissəsi III texniki dərəcəyə, 13.9 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun yenidən qurulur. Müvafiq olaraq yolun hərəkət hissəsinin eni 4.3 km-lik hissədə 7 m, 13.9 km-lik hissədə isə 6 m təşkil edəcək.
Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yolu da IV texniki dərəcəyə uyğun yenidən qurulur. Müvafiq olaraq yolun hərəkət hissəsinin eni 6 m təşkil edəcək.
Avtomobil yolları uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğramış,qabarmalar, çökmələr və çatlar əmələ gəlmişdir. Suötürücü borular sıradan çıxmış, çiyinlər yuyulmuşdur. Bu üzdən yolların əsaslı şəkildə təmir olunması zərurəti yaranmışdır.
Layihə çərçivəsində mövcud asfalt-beton örtüyünün üst qatl frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağınınn yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılır. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır və kipləşdırılır. Yeni yol yatağı işlənən ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası, yolun çiyinlərinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılır. Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunur, zəruri olan yerlərdə yeniləri qurulur.
Belə ki, Çobanabdallı – Lək – Əlibayramlı avtomobil yolu boyunca müxtəlif diametrli 14 ədəd mövcud suötürücü dəmir-beton boruların başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin 5 ədəd müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması və izolyasiyası işləri aparılacaq, zəruri olan yerlərdə dəmir-beton küvetlər tikiləcək.
Tikinti layihəsinə uyğun olaraq yolun 5.3-cü km-də “Şəmkir maşın kanalı” üzərində yerləşən körpüyə yanaşmalarda torpaq yatağının 3 metr enində genişləndiriləcək, istismara yararsız məhəccərlər kəsilərək yeniləri ilə əvəz olunacaq, yeni əyri-xətli tirlər və dirəklər quraşdırılacaq. Daha sonra yol boyu əlaqələndirici bitum səpilməklə 110 min kv.m-dən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.
Anoloji işlər Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yolunda da aparılır. Bu yolda da 12 ədəd müxtəlif diametrli mövcud suötürücü dəmir-beton boruların başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası və bir o qədər də müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması işləri aparılacaq.
Layihə çərçivəsində yolun 11-ci km-də “Qanlı Qobu” adlanan ərazidə uzunluğu 24 metr, eni isə 10 metr olan yeni körpünün tikintisi nəzərdə tutulub. Tikinti işlərinin sonuncu mərhələsində yol boyu əlaqələndirici bitum səpilməklə 70 min kv.m-dən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.
Tikinti işlərindən sonra hər iki yolda hərəkətin normal təşkili üçün tədbirlər həyata keçiriləcək. Belə ki, Çobanabdallı – Lək – Əlibayramlı avtomobil yoluna 62 ədəd yol nişanı və 430 ədəd siqnal dirəkləri quraşdırılacaq, 54.2 km uzunluğunda üfiqi nişanlanma xətləri çəkiləcək. Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yoluna isə 61 ədəd yol nişanı və 420 ədəd siqnal dirəkləri quraşdırılacaq, 38.1 km yolun xətlənməsi işləri aparılacaq.
Ümumilikdə bu layihələr hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.