Regionlarda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində dövlət başçısının sərəncam və tapşırıqlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir. Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması ilə paralel olaraq, respublika əhəmiyyətli yolların da əsaslı şəkildə bərpası geniş vüsət alıb.
Bu cür yollardan biri də Salyan və Neftçala rayonlarını birləşdirən 45 km uzunluğunda olan respublika əhəmiyyətli avtomobil yoludur.
Sözügedən yol uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmurdu. Nəticədə yolun hərəkət hissəsi deformasiyaya uğramışdı, qabarma və çalalar əmələ gəlmişdi. Bu üzdən əsaslı şəkildə təmirinə zərurət yaranmışdı.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Salyan-Neftçala avtomobil yolunun əsaslı təmirinə start verilib. Təmir zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə çınqıl materialı tökülərək kipləşdirilib.
Hazırda yol boyu asfaltlanma işləri aparılır. Texnoloji ardıcıllığa uyğun olaraq aparılan bərpa işləri zamanı yolun 7 metr enində hərəkət hissəsi nəzərə alınmaqla təqribən 300 min kv.m-dən çox sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Bundan başqa təmir-tikinti işləri çərçivəsində yol üzərində yerləşən və 66 metr uzunluğa malik avtomobil körpüsünün təmiri, məhəccərlərinin dəyişdirilməsi, həmçinin yol boyu 30 ədəd mövcud avtobus dayanacağının sökülərək yenidən tikilməsi və əlavə 4-nün inşa edilməsi işləri də görülür.
Əsaslı bərpa işləri bitəndən sonra yol boyu avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 206 ədəd yol nişanı və 980 ədəd siqnal dirəyi quraşdırılacaq.
Qeyd edək ki, sözgedən yolun əsaslı təmiri Salyan və Neftçala rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir.