Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi yolu yenidən qurulur -VİDEO / FOTO

16 Mart 2018- 14:39
11 Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi yolu yenidən qurulur -VİDEO / FOTO

Yol infrastrukturunun yenidən qurulması istiqamətində son illər aparılan genişmiqyaslı işlər nəticəsində magistral və respublika əhəmiyyətli avtomobil yolları yeni görkəm alıb. Artıq sıra kəndlərarası avtomobil yollarındadır ki, bu istiqamətdə də regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində xeyli iş görülüb və görülməkdə davam edir.

 

Bu cür yollardan biri Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yoludur.

 

Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun en və uzunluq profilləri tikinti norma və qaydalarına uyğun olmadığı, torpaq və çınqıl örtüklü olması isəyük və sərnişin daşımasına maneə yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Qısa müddət ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolun tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

16 km uzunluğa malik yol IV texniki dərəcəyə uyğun 6 metr hərəkət hissə və 2 metr çiyinlər də daxil 10 metr enində tikilir. Bunun üçün hazırda ərazidə 190 min kub.m həcmdə torpaq işləri görülür, yararlı çınqıl materialı tökülərək kipləşdirilir və yeni yol yatağı inşa olunur.

 

Torpaq işlərindən əlavə yol boyu yeni suötürücü dəmir-beton boruların tikintisinə də ehtiyac var. Bu məqsədlə 5 nöqtədə dairəvi boruların quraşdırılması, başlıqlarının dəmir-betonla tikintisi işləri aparılacaq.

 

Texnoloji ardıcıllığa uyğun olaraq yol yatağı hazır olandan sonra çınqıl-qum və qırmadaş-qum qarışıqlarından istifadə olunmaqla normativ qalınlıqda əsasın tikintisi aparılacaq. Daha sonra asfaltlanma işlərinə başlanılacaq ki, bu zaman müvafiq olaraq iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilməklə 96 min kv.m sahə asfaltlanacaq.

 

Layihəyə uyğun tikinti işləri bitəndən sonra hərəkətin normal təşkili üçün 96 ədəd müxtəlif yol nişanı ( km göstərici, xəbərdaredici, üstünlük bildirici, informasiya göstərici və s.), həmçinin 640 ədəd siqnal dirəyi quraşdırılacaq, 48 km uzunluğunda xətlənmə işləri aparılacaq.

 

Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun yenidın qurulması ilə 4 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, kənd əhalisinin rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə etməklə yetişdirdikləri məhsulları tez bir zamanda bazarlara çıxarmaqlarına şərait yaradılmış olacaq.