Kürdəmirdə 37.2 km uzunluğa malik avtomobil yolu yenidən qurulur - VİDEO / FOTO

5 Aprel 2018- 13:37
11 Kürdəmirdə 37.2 km uzunluğa malik avtomobil yolu yenidən qurulur - VİDEO / FOTO

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Azərbaycanda yol infrastrukturunun daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması kimi sosial yönümlü tədbirlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uğurla icra olunur. Kürdəmir rayonunda bu çərçivədə 2 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub. Artıq onlardan birində, Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun inşasına start verilib.

 

Kürdəmir rayonunda bu il nəzərdə tutulan yol layihələri 15 minə yaxın vətəndaşın yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən 71.2 km uzunluğunda avtomobil yollarıdır. Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 6 mindən artıq əhalinin yaşadığı 7 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki yolun torpaq  və dağılmış qara örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.

 

37.2 km uzunluğa malik avtomobil yolunun 29.2 km-lik hissəsi deformasiyaya uğramış qara örtük olduğu üçün həmin hissədə yol yatağı qazılaraq çıxarılır, 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Yol yatağı hazır olan hissələrdə yol əsasının alt layının tikintisi işləri 20 sm qalınlıqda qum-çınqıl qarışığı ilə aparılır.  Daha sonra yol əsasının üst layının 12 sm qalınlıqda optima-qırmadaş qarışığı ilə aparılması nəzərdə tutulub.

 

Yolun 8 km-lik hissəsi isə torpaq örtüklü olduğu üçün bu ərazidə tikinti norma və qaydalarına uyğun olaraq yeni yolun inşası işləri aparılır. Hal-hazırda ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi və xüsusi çınqıl materialı ilə yeni yol yatağının inşası işləri aparılır. Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində yol əsasının inşası işlərinə start veriləcək.

 

Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülür. Bunun üçün 72 paqon-metr müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunur. Bundan başqa yolda yerləşən 2 və 4 açırımlı 2 avtomobil körpüsünün əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görüləcək işlərin siyahısındadır.

 

Torpaq işləri bitəndən sonra yol əsasına əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layının 7 sm qalınlıqda iri dənəli, üst layının isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi işləri aparılacaq.

 

Yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə 8 ədəd avtobus dayanacağının tikilməsi, 120 ədəd yol nişanının, 37 ədəd km göstəricisinin və 95 ədəd məlumatverici lövhnin, həmçinin 1480 ədəd siqnal dirəyinin quraşdırılması, 100 km-dən çox ağ və sarı xəttin çəkilməsi işləri aparılacaq.  

 

Qeyd edək ki, Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun yenidən qurulması yiol boyu yaşayan vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna asan çıxış əldə etməklə, istər rayon mərkəzinə, istərsə də digər rayonlara rahat gediş-gəlişi təmin olunacaq, yük və sərnişin daşımasına müsbət təsir etməklə, ərazidə kənd təsərrüfatının inkişafına səbəb olacaq.