Təmas xəttində yerləşən kəndlərimiz daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Cəbhəyanı kəndlərin sosial problemlərinin həlli istiqamətində dövlət başçısınının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata keçirilir. Bu layihələr sırasında yolların yenidən qurulması prioritet məsələlərdən biridir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yollar əsaslı şəkildə yenidən qurulub və qurulmaqda davam edir.
Təkcə Ağdam rayonunda bu il 2 layihə üzrə 21 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə yenidən qurulması işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Bu 25.3 km uzunluğunda Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan və 6.1 km-lik Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yollarıdır. Sözügedən yollar Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına uyğun olaraq yenidən qurulub.
Yolun uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmaması yolların geyimi və yolun əsası, həmçinin torpaq yatağı deformasiyaya uğramış,hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bu isə gediş-gəlişin çətinləşməsinə gətirib çıxarmışdı. Aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılıb. Məhz buna görə yolların yenidən qurulması 21 yaşayış məntəqəsinin 34 minə yaxın əhalisinin ürəyincə olub.
25.3 km uzunluğa malik Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun 5 km-lik hissəsi I texniki dərəcəyə uyğun, qalan 20.3 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun yenidən qurularaq vətəndaşların istifadəsinə verilib. Müvafiq olaraq 5 km-lik hissədə yolun hərəkət hissəsi 14 metr, 20.3 km-lik hissədə isə 6 metr təşkil edir.
6.1 km-lik Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolu da öz növbəsində IV texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla yenidən qurulub. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla, yol yatağının eni 10 metr təşkil edir.
Layihə çərçivəsində yollar boyu mövcud asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağınınn yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılıb. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası, yolun çiyinlərinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılıb.
Tikinti işləri zamanı yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunub, zəruri olan yerlərdə yeniləri qurulub. Belə ki, Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolu boyunca müxtəlif diametrli 204 paqon-metr uzunluğunda 17 ədəd, Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunda isə uzunluğu 438 paqon-metr olan 37 ədəd müxtəlif diametrli dəmir və dəmir beton boruların quraşdırılması və başlıqlarının dəmir-betonla tikilərək izolyasiyası işləri aparılıb.
Tikinti norma və qaydalarına uyğun olaraq torpaq işlərindən sonra yollar boyu əlaqələndirici bitum səpilməklə Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun 190 min kv.m-dən çox sahəyə, Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun isə 40 min kv.m-ə yaxın sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Tikinti işlərinin sonuncu mərhələsində hər iki yolda hərəkətin normal təşkili üçün tədbirlər həyata keçirilib. Belə ki, Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunda 10 ədəd avtobus dayanacağı, 148 ədəd yol nişanı və yol göstərici lövhə, 25 ədəd km göstəricisi və 850 ədəd siqnal dirəyi quraşdırılıb, 73.4 km uzunluğunda üfiqi nişanlanma xətləri çəkilib. Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunda isə 5 ədəd avtobus dayanacağı, 38 ədəd yol nişanı, 6 ədəd km göstəricisi və 216 ədəd siqnal dirəyi quraşdırılıb, 16.2 km xətlənmə işləri aparılıb.
Ümumilikdə cəbhəyanı kəndləri əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.