Salyan-Neftçala avtomobil yolu əsaslı şəkildə təmir olunub - VİDEO / FOTO

12 Aprel 2018- 13:12
11 Salyan-Neftçala avtomobil yolu əsaslı şəkildə təmir olunub - VİDEO / FOTO

Regionlarda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində dövlət başçısının sərəncam və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir. Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması ilə paralel olaraq, respublika əhəmiyyətli yolların da əsaslı şəkildə bərpası  geniş vüsət alıb və bəzilərində bu işlər artıq yekunlaşdırılıb.

 

Bu cür yollardan biri də Salyan və Neftçala rayonlarını birləşdirən 45 km uzunluğunda olan respublika əhəmiyyətli avtomobil yoludur.

 

Sözügedən yol uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmurdu. Nəticədə yolun hərəkət hissəsi deformasiyaya uğramışdı, qabarma və çalalar əmələ gəlmişdi. Bu üzdən əsaslı şəkildə təmirinə zərurət yaranmışdı.

 

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Salyan-Neftçala avtomobil yolunun əsaslı təmirinə start verildi və qısa müddət ərzində yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri nəticəsində müasir yol infrastrukturu yaradıldı.

 

Təmir-tikinti işləri  zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə çınqıl materialı tökülərək kipləşdirilib. Daha sonra yol boyu asfaltlanma işləri aparılıb. Texnoloji ardıcıllığa uyğun olaraq aparılan bərpa işləri zamanı yolun 7 metr enində hərəkət hissəsi nəzərə alınmaqla təqribən 300 min kv.m-dən çox sahəyə yeni asfalt-beton örtüyü döşənib.

 

Bundan başqa aparılan işlər çərçivəsində yol üzərində yerləşən və 66 metr uzunluğa malik avtomobil körpüsünün təmiri, məhəccərlərinin dəyişdirilməsi, həmçinin yol boyu 30 ədəd mövcud  avtobus dayanacağının sökülərək yenidən tikilməsi və əlavə 4-nün inşa edilməsi işləri də görülüb.    

 

Əsaslı bərpa işləri bitəndən sonra yol boyu avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 206 ədəd yol nişanı və 980 ədəd siqnal dirəyi quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

 

Qeyd edək ki, sözgedən yolun əsaslı təmiri Salyan və Neftçala rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir.