Sabirabadda 60 km-lik yolun tikintisi davam etdirilir - VİDEO / FOTO

20 Aprel 2018- 09:58
11 Sabirabadda 60 km-lik yolun tikintisi davam etdirilir - VİDEO / FOTO

Dövlət başçısının Sabirabad rayonunun Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqaraağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun tikintisi ilə bağlı 2017-ci il 7 iyul tarix verdiyi sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək sürətlə və keyfiyyətlə yenidənqurma işləri davam etdirilir.

 

Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqaraağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun uzunluğu 60 km-dir və hər birinin eni 3 metr olan ikizolaqlı yol IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yenidənqurma işlər 6 istiqamət üzrə aparılır. Bu Azadkənd-Əlləmbəyli, Zalqarağac-Çöl Dəllər, Nizami-Rüstəmli, Hacıbəbir-Qardaşkənd, Suqovuşan-Sabirabad-Qalağayın və Muğan Gəncəli-Sarxanbəyli hissələridir.

 

Artıq yolun 19.6 km-lik hissəsi tam hazırdır və 2017-ci ilin noyabr ayının 28-də prezident İlham Əliyevin iştirakı ilə həmin hissələrin açılış mərasimi də keçirilib.

 

Digər hissələr üzrə isə yenidənqurma işləri davam etdirilir. Layihə çərçivəsində 10 metr enində yeni yol yatağı inşa olunur. Bunun üçün çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılır. Ardınca yol əsasının inşası və asfaltlanma işləri aparılacaq, çiyinlər bərkidiləcək. Yol əsasının və çiyinləri tikintisinə sərf ediləcək çınqıl və qum-qırmadaşın həcmi 167 min kub.m, 2 laydan ibarət asfalt-beton örtüyünün tikintisinə isə sərf olunacaq asfalt-beton qarışığının həcmi isə 86 min ton təşkil edir.

 

Layihə çərçivəsində 131 paqon-metr uzunluğunda və müxtəlif diametrlərdə yeni suötürücü dəmir-beton boruların tikintisi işləri də aparılır ki,  yolun altından suların ötürülməsi ilə əkin sahələrinin suvarılması təmin olunsun. Üstəlik yolun yenidən qurulması ilə 41 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması ilə yol boyu əkin sahələrində yetişdirilən məhsulların istehsalçıdan istehlakçıya rahat çatdırılması təmin olunsun və bununla da sözügedən ərazidə kənd təsərrüfatı daha da inkişaf etsin. 

 

Müasir tələblər səviyyəsində qurulan yol infrastrukturu boyu hərəkətin normal təşkili üçün 2400 ədəd təhlükəsizlik dirəkləri, 265 ədəd müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılacaq, təqribən 150 km uzunluğunda xətlənmə işləri aparılacaq. Yenidənqurma işlərinin yay aylarında tam olaraq yekunlaşdırılması və yeni görkəmdə olacaq yolun vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır.

 

Sabirabad rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulan bu yol dövlətin öz vətəndaşlarının firavanlığına və rahatlığına göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür.