Regionlarda yerləşən ən ucqar kəndlərimizin belə inkişaf etməsi üçün dövlət proqramları çərçivəsində bir-sıra sosial yönümlü layihələr icra olunur. Bu layihələr sırasında mühüm əhəmiyyət kəsb edən yol infrastrukturu layihələridir ki, prezident İlham Əliyevin bu sahəyə birbaşa diqqəti nəticəsində geniş miqyaslı işlər həyata keçirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən yol infrastrukturu layihələri digər rayonlar kimi Neftçaladan da yan keçməyib.
45 km uzunluğa malik respublika əhəmiyyətli Salyan-Neftçala yolundan sonra Neftçalanın 19 yaşayış məntəqəsini əhatə edən Xolqaraqaşlı marşrutu üzrə 47 km uzunluğunda avtomobil yolunun yenidən qurulmasına start verilib.
Yolun uzun müddətdir ki, istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir edilməməsinin nəticəsində yol boyu gediş-gəlişi çətinləşdirən qabarma və çökmələr yaranmışdı. Bu üzdən yolun sürətlə yenidən qurulması 44 mindən artıq əhalinin ürəyincə olub.
"Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan tikinti layihəsinə uyğun olaraq, Neftçala-Xolqaraqaşlı yolu 4-cü texniki dərəcəyə uyğun bərpa edilir. Bunun üçün yolun deformasiyaya uğramış hissələri 200 min kub.m sahədə qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yolun profilə salınması işləri görülür. Yol yatağı hazır olan hissələrdə isə normativ qalınlıqda yol əsasının alt və üst layının qum-çınqıl və optimal qırmadaş qarışıqlarından tikintisi işləri aparılır.
Torpaq işlərinə paralel olaraq yol əsası hazır olan hissədə artıq asfaltlanma işlərinə də başlanılıb. Texnoloji ardıcıllığa uyğun olaraq hazırda 7 sm hündürlükdə iri dənəli asfalt-beton qarışığından 6 metr enində hərəkət hissə inşa edilir. Bunun ardınca 5 sm qalınlıqda xırda dənəli asfalt-beton qarışığından örtüyün üst qatı döşənəcək. Asfaltlanma işləri 280 min kv.m sahəni əhatə edəcək.
Suların ötürülməsi üçün yol boyu mövcud borular yararsız vəziyyətdə olduğu üçün onların da dəyişdirilməsi işləri görülür. Artıq yola 378 paqon-metr müxtəlif diametrli suötürücü dəmir-beton boruların quraşdırılması, başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası işləri aparılıb. Bundan başqa yol boyu mövcud körpülərin dəmir-betonla bərpası, körpülərdə metal maneə çəpərlərinin quraşdırılması, 6 ədəd avtobus dayanacağıın tikilməsi işləri tərtib olunmuş qrafikə uyğun aparılmaqdadır.
Tikinti işlərinin sonunda hərəkətin normal təşkili üçün 80 ədəd yol nişanı, 47 ədəd km göstəricinin quraşdırılması, 141 km uzunluğunda xətlənmə işlərinin aparılması nəzərdə tutulub.
Bütün bu işlərdən sonra yol boyu müasir infrastruktur yaradılmış olacaq. Bunun nəticəsində vətəndaşların rayon mərkəzinə rahat gediş-gəlişi təmin olunmaqla onların yetişdirdikləri məhsulları tez və xarab olmadan bazarlara daşınmasına şərait yaradılmış olacaq. Bu isə yol boyu yaşayan vətəndaşların sosial həyat şəraitinə müsbət təsir göstərəcək.