Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramları çərçivəsində son illər təkcə magistral və respublika əhəmiyyətlə yollar deyil, həm də kənd və qəsəbələrarası yolların da yenidən qurulması prioritet məsələlərdən biridir. Bu çərçivədə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təkcə Şabran rayonunda 75 km uzunluğunda avtomobil yollarının yenidən qurulması işləri yüksək keyfiyyətlə aparılır.
Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu IV texniki dərəcəyə uyğun( 6 m hərəkət hissə, 2x2 m çiyin hissələr) yenidən qurulur. 29 km uzunluğunda olan yolun 19.7 km-lik hissəsi çınqıl örtüklüdür. Uzun illər istismar olunmasına baxmayaraq yol indiyə qədər yenidən qurulmayıb. Hətta yolun bəzi hissələrinin IV texniki dərəcəyə uyğunlaşdırılması üçün torpaq yatağının genişləndirilməsinə ehtiyac var idi. Yolun qalan 6.3 km-lik hissəsi asfalt-beton örtüklü olmasına baxmayaraq bu hissənin də əsaslı şəkildə təmirinə ehtiyac var.
Tikinti layihəsinə uyğun olaraq hazırda yolun 19.7 km-lik hissəsində qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılır. Bu işlərin həcmi 90 min kub.m-ə yaxındır. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi üçün dağ yamacının kəsilməsi də yaxın müddət ərzində yerinə yetiriləcək işlərdəndir.
Torpaq yatağının tikintisi bitəndən sonra, 200 min kv.m sahədə 20 sm qalınlıqda optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, 16 sm qalınlıqda qım-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri aparılacaq.
Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun 6.3 km-lik hissəsində isə mövcud asfalt-beton örtüyün frezlənərək profilə salınması, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması və yararlı qruntla yenidən qoldurularaq kipləşdirilməsi işləri aparılacaq. Qazılaraq doldurulmuş hissərdə yol əsasının alt və üst layının nəzərdə tutulmuş qarışıqlardan istifad edilməklə tikintisi aparılacaq.
Marşrut boyu 6 ədəd yararsız hala düşmüş müxtəlif diametrli suötürücü boruların yeniləri ilə əvəz edilməsi və zəruri olan yerlərdə yenilərinin tikintisi də nəzərdə tutulub. Bu məqsədlə yol boyu müxtəlif diametrli uzunluğu 239 paqon-metr olan 30 ədəd dəmir-beton borunun quraşdırılması, boru başlıqlarının dəmir-beton tikilməsi və boruların izloyasiyası işləri aparılacaq.
Daha sonra yolun 5.8-ci km-də Dəvəçi çayı üzərində uzunluğu 21 m, eni isə 8 m olan 1 aşırımlı körpünün, 680 m uzunluğunda dəmir-beton istinad divarlarının,relyefdən asılı olaraq bir-neçə yerdə 3 min paqon-metr uzunluğunda beton küvetlərin tikintisi də layihədə nəzərdə yerinə yetirilməsi vacib olan işlərdəndir.
Tikinti norma və standartlarına uyğun olaraq, tikinti işlərinin sonuncu mərhələsində yol boyu iri (7sm) və xırda (5sm) dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi aaprılacaq, 12 yerdə avtobus dayanacaqları, həmçinin hərəkətin normal təşkili üçün 85 ədəd yol nişanı, 26 ədəd km göstərici və 1016 ədəd siqnal dirəyi quraşdırılacaq, 77.9 km uzunluğunda xətlənmə işləri aparılacaq.
Qeyd edək ki, Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu 5 yaşayış məntəqəsini əhatə etməklə 6 mindən artıq vətəndaşın rayon mərkəzinə, ordan da respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişi təmin edəcək, marşrut boyu kənd təsərrüfatı və turizmin daha da inkişaf etməsinə şərait yaradacaq.