Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına, həmçinin regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun yeniləşməsi və müasirləşməsi istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu tədbirlər vətəndaşların rahat gediş-gəlişini təmin edilməsinə, yük və sərnişin daşımasını asanlaşdırmasına hesablanıb.
Bu il realaşdırılması nəzərdə tutulan 100-dən artıq yol infrastrukturu layihəsindən 63-ü kənd və qəsəbələri əhatə edən yolların yenidən qurulmasıdır. Onlardan biri Qazax rayonu, respublika əhəmiyyətli Qazax-Uzuntala avtomobil yolunun 7-ci km-dən ayrılan Cəfərli kəndinin yoludur.
7 km uzunluğa malik Cəfərli avtomobil yolu qara örtüklü olmaqla III texniki dərəcəlidir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismarda olduğundan qara qırmadaş örtük bəzi yerlərdə dağılmış, yolun hərəkət hissəsində qabarmalar, çökmələr və çoxlu sayda çalalar əmələ gəlmişdi. Məhz yolda uzun illər yaşanan bu problemi aradan qaldırmaq üçün Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz təmir-tikinti tədbirlərin icrasına başlanılıb.
Layihəyə uyğun olaraq yolun qara qırmadaş örtüyü sökülüb, əvəzinə yararlı qrunt yayılaraq kipləşdirilib və yeni yol yatağı inşa olunub. Texnoloji ardıcıllığa uyğun olaraq bunun ardınca zəruri materiallardan istifadə edilərək yolun əsasının alt və üst layı inşa olunub. Yol əsası hazır olan hissələrin asfaltlanması işlərinə də başlanılıb. Artıq Cəfərli yolunun yarısından çoxuna 2 laydan ibarət yeni asfalt-beton örtük döşənib. Ümumilikdə asfaltlanma işləri 50 min kv.m sahədə aparılacaq.
Yağış sularının təsirindən yuyulmuş və istismara yararsız vəziyyətə düşmüş yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidilib, avtoqreyderlə küvet hissələr açılıb. Bundan başqa yolun yatağının inşası zamanı başlıqları dağılmış 3 ədəd mövcud suötürücü boruların başlıqlarının monolit-betonla təmiri işləri aparılıb, zəruri olan yerdə daha 3 ədəd müxtəlif diametrli yeni dəmir-beton boru quraşdırılıb. Təbii ki, yol boyu yaşayan vətəndaşların öz pay torpaqlarında yetişdirdikləri məhsulları suvarmaq üçün yol altında salınan boruların əhəmiyyəti böyükdür.
Bundan başqa layihə çərçivəsində yolun 1-ci km-də yerləşən və uzunluğu 8 m, eni 7 m olan, həmçinin yolun 2-ci km-də yerləşən uzunluğu 36 m, eni isə 5 m olan 1 aşırımlı dəmir-beton körpülərin məhəccərləri istismara yaramadığı üçün yenisi ilə əvəz olunacaq, 44 ədəd yeni yol nişanı, 300 ədəd siqnal dirəkləri quraşdırılacaq və 21 km uzunluğunda üfüqi nişanlanma xətləri çəkiləcək.
Görüləcək işlər bütün hərəkət iştirakçıları üçün rahat və təhlükəsiz yeni və müasir yol infrastrukturunun yaradılmasına imkan verəcək, yük və sərnişin daşımasının asanlaşmasına şərait yaradacaq. Ümumilikdə 5 minə yaxın vətəndaşın sosial rifah halına müsbət təsir göstərəcək yolun yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılaraq yaxın müddətdə yekunlaşdırılacaq.