Regionların sosial-iqtisadi inkişafı dövlət proqramında yer alan sosial layihələr sırasında yol infrastrukturunun müasir şəkildə yenidən qurulması ilə vətəndaşlarımızın rahat gediş-gəlişini təmin etmək hədəflənir. Bu çərçivədə ölkə boyu aparılan genişmiqyaslı yenidənqurma işləri Qəbələ rayonundan da yan keçməyib. Bu il həyata keçiriləcək 63 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də məhz Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx yaşayış məntəqələrini əhatə edən uzunluğu 18 km olan avtomobil yolunun yenidən qurulması layihəsidir.
Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün gediş-gəlişdə yaşanan çətinliklər yolun yenidən qurulması ilə geridə qalacaq, ən əsası respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna çıxış əldə olunmaqla 8 yaşayış məntəqəsinin hər birinə müasir infrastruktur, rahatlıq və abadlıq gələcək. Bununla da yol boyu yaşayan 10 min nəfərdən artıq əhalinin gediş-gəlişi həm təhlükəsiz olacaq, həm də xeyli rahatlaşmaqla yük və sərnişin daşıması asanlaşacaq. Bu amillər isə kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir etməklə vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olacaq.
Layihəyə əsasən 18 km uzunluğa malik olan yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun yenidən qurulur, yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Bununla əlaqədar olaraq yolun yararsız qruntu 34 min kub.m sahədə qazılaraq çıxarılır, yola yararlı çınqıl materialı tökülərək genişləndirilir, genişləndirilmiş və bitki qatından təmizlənmiş ərazilərdə yenidən kipləşdirmə işləri aparılır və 72 min kub.m sahədə yeni yol yatağı inşa edilir. 170 min kv.m sahədə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının alt və üst layının layihədə nəzərdə tutulmuş qalınlıqlarda inşasından sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edəcək.
Yenidənqurma işləri çərçivəsində hazırda süni qurğuların inşası və əsaslı şəkildə bərpası da aparılır. Belə ki, yol boyu mövcud avtomobil körpüləri və körpü məhəccərləri təmir ediləcək, yolun altından suların ötürülməsi üçün mövcud olan suötürücü borular bərpa olunacaq və müxtəlif diametrli 612 paqon-metr uzunluğunda yeni metal, 72 paqon-metr dəmir-beton suötürücü boruların, həmçinin 42 paqon-metr uzunluğunda su keçidinin inşası işləri görüləcək.
Bütün işlər tikinti norma və standartlarına uyğun olaraq, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması ilə yol boyu zəruri olan yerlərdə 98 ədəd yol nişanı və məlumatverici lövhə, 36 km göstəricisi və 720 ədəd siqnal dirəyi quraşdırıldıqdan, 69 km uzunluğunda yolcizgı və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkildikdən sonra yol tam müasir şəkildə vətəndaşların istifadəsinə veriləcək.