Lənkəranda turizmin inkişafına təkan verəcək yol yenidən qurulur - VİDEO / FOTO

2 May 2018- 12:15
11 Lənkəranda turizmin inkişafına təkan verəcək yol yenidən qurulur - VİDEO / FOTO

Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən və  bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb. Lənkəran rayonu da genişmiqyaslı işlərdən kənarda qalmayıb. Belə ki, bu il rayonda uzunluğu 22 km olan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.Bu başlanğıcını M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürən yerli əhəmiyyətli Hirkan-Daştatük-Biləsər avtomobil yoludur.

 

Lənkəran rayonu Hirkan-Daştatük-Biləsər avtomobil yolunun ilk 10 km-lik hissəsi qara örtüklü, qalan 12 km-lik hissəsi isə torpaq örtüklüdür. Lakin uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Hazırda aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılır.

 

Hirkan-Daştatük-Biləsər avtomobil yolunun 10 km-lik hissəsində mövcud qara örtük 6 min kub.m həcmdə sökülərək, kənara daşınır, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə 12 min kub.m həcmdə yol yatağının karxana çınqılı ilə tikintisi işləri aparılır. Sözügedən hissədə yol IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Bunun üçün yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün qruntun mexanizmlə kəsilməsi və daşınması, həmçinin torpaq yatağının layihə hündürlüyünə çatdırılması işləri görülür, çiyin hissələr bərkidilir.

 

Daha sonra qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsasının 24 sm hündürlükdə alt və 16 sm hündürlükdə üst qatının tikintisi işləri aparılacaq. Bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edəcək. Texnoloji ardıcıllığa riayət olunmaqla daha sonra əlaqələndirici bitum səpilərək yol asfaltlanacaq. Yola 7 və 5 sm hündürlükdə olmaqla 58 min kv.m sahədə 2 laydan ibarət iri və xırda dənəli asfalt-beton qarışığı döşənəcək.

 

Hirkan-Daştatük-Biləsər avtomobil yolunun qalan 12 km-lik torpaq örtüklü hissəsinin çınqıl örtüklü olmaqla tikintisi nəzərdə tutulub. Bu çərçivədə yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə  27.5 min kub.m həcmdə yol yatağının karxana çınqılı ilə tikintisi, torpaq yatağının layihə hündürlüyünə qaldırlması üçün 130 min kub.m qruntun mexanizmlə kəsilərək, daşınması, yatağın normativ eninin alınması üçün 13 min kub.m III qrup qruntun daşınaraq avtoqreyderlə yayılması və vərdənə ilə kipləşdirilməsi işləri aparılır. Sadalanan işlər yekunlaşandan sonra 80 min kv.m sahədə yol əsasının 24 sm qalınlıqda qum-çınqıl  qarışığı ilə alt, 16 sm qalınlıqda isə optimal-qırmadaş qarışığı ilə üst layının tikintisi işlərinin aparılması nəzərdə tutulub.

 

Hirkan-Daştatük-Biləsər avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri görüləcək. Belə ki, 90 min kub.m həcmdə xüsusi qrup qruntun əraziyə gətirilərək yayılması və kipləşdirilməsi, avtoqreyderlə 16.5 km uzunluğunda küvetlərin açılması, 530 kub.m dəmir-beton küvetlərin inşası aparılacaq.

 

Bundan başqa yolun müxtəlif nöqtələrində 800 m-ə yaxın istinad divarının dəmir-betonla tikilməsi və izolyasiyası, mövcud suötürücü borular istismara yaramadığı üçün yenisi ilə əvəz edilməsi və zəruri yerlərdə yenilərinin quraşdırılması, başlıqlarının dəmir-betonla təmiri və izolyasıyasi nəzərdə tutulub. Bu çərçivədə yol boyu 780 paqon-metr uzunluğunda 750, 1000, 1250 və 1500 mm diametrli suötürücü dəmir-beton boru quraşdırılacaq.

 

Tikinti işlərini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 56 ədəd yol nişanı, 20 ədəd km göstəricisi quraşdırılacaq, mövcud avtomobil körpülərinin məhəccərləri yeniləri ilə əvəz olunacaq, 30 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 

Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.

 

Qeyd edək ki, Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidən qurulması ilə 7.5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə, yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa yolun keçdiyi ərazilər boyu vətəndaşların sosial rifah halına müsbət təsir göstərən turizmin inişafı və yeni turizm marşrutlarının yaranması da hədəflənir.