Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO / FOTO

3 May 2018- 09:15
11 Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO / FOTO

Azərbaycanda yol infrastrukturunun təkmilləşdirilməsi, yeni körpülərin və yol ayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir. Regionlarda“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol şəbəkəsinin daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu çərçivədə respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun (R18) qalan 112 km-lik Qarağacı-Bəhramtəpə hissəsinin (km 26-138) yenidən qurulması yekiunlaşmaq üzrədir.

 

Bundan öncə yolun Mingəçevir şəhəri-Mingəçevir stansiyası arasında olan 16.5 km-lik və 26 km-lik Aran-Qarağacı hissəsiləri yüksək səviyyədə qurularaq prezident İlham Əliyevin iştirakı vətəndaşların istifadəsinə verilib.

 

Yolun 42.5-154.5 km-lik hissəsində isə hazırda işlər sürətlə davam etdirilərək yekunlaşdırılır. Bu hissədə yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol yatağının eni isə 12 metr təşkil edir.

 

Yolun texniki parametrləri:

  1. Yolun texniki dərəcəsi                         III
  2. Yolun eni                                             12.0m
  3. Hərəkət hissəsinin eni                          2 x 3.5 m
  4. Çiyinlərin eni                                       2 x 2.5m

       

Yol geyiminin qalınlığı  62 sm-dir. Bura daxildir:

  • hamarlayıcı lay - 50 sm,
  • əsasın alt layı - 20 sm,
  • əsasın qırmadaş layı - 15 sm,
  • bitumlu əsas layı - 14 sm,
  • əlaqələndirici asfalt layı - 8 sm,
  • üst aşınma layı - 5 sm.

 

Ümumilikdə asfalt-beton örtük isə 27 sm təşkil edəcək. 

 

Layihəyə uyğun olaraq respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Qarağacı-Bəhramtəpə hissəsində yolun altından suların ötürülməsi üçün ümumi uzunluğu 5155 paqon-metr olan 224 ədəd dairəvi suötürücü borunun quraşdırılması və 27 yerdə 629 paqon-metr uzunluğunda düzbucaqlı su keçidinin inşası aparılaraq yekunlaşdırılıb. Bundan başqa yolun altından keçidi təmin etmək məqsədi ilə ümumi uzunluğu 278 paqon-metr 17 ədəd alt keçidin inşası aparılıb.

 

Yol boyu 3 ədəd yeni körpünün inşası da yekunlaşmaq üzrədir. Bu aşağıdakı körpülərdir:

  1. 34.7 km, körpü – 100 m (Tərtərçay)
  2. 57.3 km, körpü – 50 m (Xaçın çayı)
  3. 85.2 km, körpü – 25 m (Qarqarçay)

 

Layihə çərçivəsində yol boyu daş-dolğu işləri və torpaq yatağının inşası işləri tam olaraq yekunlaşdırılıb. Hazırda əsasın qum-çınqıl qarışığından alt və optimal-qırmadaş qarışıından üst layının tikintisi işləri aparılır ki, bu işlər də sonuncu mərhələdədir. Əsasın hazır olan hissələrində isə asfaltlanma işləri görülür. Bitumlu əsas və əlaqələndirici asfalt layları olmaqla yol boyu yeni asfalt-beton örtüyü döşənir. Bu işlərin tərəqqisi 88 faiz, həcmi isə 200 min kub.m təşkil edir. Bunun ardınca isə asfalt-beton örtüyünün 3-cü aşınma layının döşənməsi işlərinə başlanılacaq.

 

Faktiki olaraq Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Qarağacı-Bəhramtəpə hissəsində aparılan tikinti işlərinin tərəqqisi 85 faiz təşkil edir.

 

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında tikinti norma və qaydalarına uyğun olaraq aparılır. İşlərin yüksək keyfiyyətlə həyata keçirilməsi üçün Dövlət Agentliyi bütün qüvvəsini səfərbər edib.

 

Mingəçevir-Bəhramtəpə avtomobil yolu respublikamızın regionları, o cümlədən Yevlax, Bərdə, Beyləqan rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, Şərq-Qərb Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən bir magistral olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

 

Beləliklə, ölkədə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində əsaslı dəyişikliklərin yer aldığı prosesi hər bir vətəndaş öz həyatında hiss edir.