Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xızı rayonuna səfəri çərçivəsində başlanğıcını Giləzi-Xızı yolunun 34-cü kilometrliyindən götürən və əsaslı şəkildə yenidən qurulan Fındığan kəndinədək olan yolun açılışını edib.
Son illərdə Azərbaycanda əsas magistral yollarla yanaşı, kənd yollarının salınması, mövcudlarının isə müasir səviyyədə yenidən qurulması ilə bağlı layihələr geniş vüsət alıb. Bu layihələr Xızı rayonunu da əhatə edib. Giləzi-Xızı avtomagistralını Fındığan kəndi ilə birləşdirən yol da son illərdə kənd yollarının əsaslı şəkildə yenidən qurulması istiqamətində həyata keçirilən layihələrin ardıcıl xarakter aldığını nümayiş etdirir. Belə yollar rayonlarımızda turizmin inkişafı baxımından da mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov əsaslı şəkildə yenidən qurulan yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi. Bu yolun tikintisi Prezident İlham Əliyevin 2018-ci ilin fevralında imzaladığı Sərəncama əsasən həyata keçirilib. 600 nəfər əhalinin yaşadığı Fındığan kəndini Giləzi-Xızı avtomagistralının 34-cü kilometrliyi ilə birləşdirən yolun ümumi uzunluğu 5 kilometrdir. Yol 4-cü texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 6 metr olan yol ikizolaqlıdır. Yolun yenidən qurulması zamanı genişmiqyaslı torpaq və asfalt-beton işləri görülüb. Yol boyunca 226 metr müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib. Bu yolun istifadəyə verilməsi Fındığan kənd sakinlərinin Giləzi-Xızı avtomobil yoluna və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomagistralına çıxışını təmin edir. Bu yolun yenidən qurulması bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır.
Sonra dövlətimizin başçısına tikintisi başa çatmış Xızı-Altıağac avtomobil yolunda görülmüş işlər barədə məlumat verildi. Qeyd olundu ki, uzunluğu 20,8 kilometr olan üçüncü dərəcəli bu yol hər birinin eni 3,5 metr olmaqla 2 hərəkət zolağından ibarətdir. Yolboyu 1 körpü keçidi təmir olunub, müxtəlif diametrli 48 ədəd su ötürücü boru, 14 kilometrə yaxın açıq və qapalı su ötürücü kanal tikilib. Xızı-Altıağac avtomobil yolunun istifadəyə verilməsi nəticəsində sakinlərin gediş-gəlişində, xüsusən də payız-qış mövsümündə yaranan çətinliklər tamamilə aradan qalxıb. Bu yol rayonda dörd min nəfər əhalinin yaşadığı 11 məntəqəni birləşdirir.
Daha sonra Prezident İlham Əliyevə Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 56-cı kilometrliyindən ayrılan Yeni Yaşma kənd yolunda aparılmış əsaslı təmir işləri barədə məlumat verildi. Bu avtomobil yolu uzun illər əsaslı təmir olunmadan istismar edildiyindən tamamilə yararsız hala düşmüşdü. Nəqliyyat vasitələrinin normal hərəkəti üçün çətinliklər yarandığından, yolun əsaslı təmir olunmasına zərurət yaranmışdır. Uzunluğu 6 kilometr olan bu yol dövlətimizin başçısının tapşırığı ilə əsaslı şəkildə təmir edilib, bütün infrastruktur müasir tələblər səviyyəsində qurulub. Bu yol 2200 nəfər əhalinin yaşadığı Yeni Yaşma kəndini Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna birləşdirməklə yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək.
Dövlətimizin başçısı Fındığan kənd yolunun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.