Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək, paytaxt yollarında sıxlığın azaldılması istiqamətinə dövlət başçısının tövsiyyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektinin bir hissəsində təmir-tikinti işləri aparılıb.
Söhbət prospektin “Sabunçu yol qovşağı”ndan “Böyük Şor yol qovşağı”nadək olan hissəsindən gedir. Təmir-tikinti işləri aparılan ərazinin uzunluğu 2.1 km, eni isə ərazilərdən asılı olaraq 26-36 metr təşkil edib.
Prospektin sözügedən hissəsində intensiv hərəkət nəticəsində asflat-beton örtyünün üst qatında aşınmalar meydana gəlib. Bu üzdən asfalt-beton örtüyünün aşınma qatının yenilənməsinə ehtiyac var idi.
Təmir-tikinti işləri çərçivəsində yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Daha sonra asfaltlanma işlərinə start verilib. Bu çərçivədə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Asfaltlanma işləri ümumilikdə 100 min kv.m-ə yaxın sahəni əhatə edib.
Aparılan təmir-tikinti işləri çərçivəsində yol ayrıcının da yenidən qurulması istiqamətində addımlar atılıb. Bu məqsədlə yol ayrıcında quraşdırılmış əyri-xətli dəmir tirlər və köhnə səki daşları sökülərək kənarlaşdırılıb. Yol ayrıcının kənarlarına 4200 paqon-metr yeni səki daşları düzülür, üstünə isə 6400 kv.m sahəyə isə tamet daşları döşənib.
Avtonəqliyyat vasitələrinin norma hərəkətini təmin etmək məqsədi ilə prospektin sözügedən hissəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Bakı Nəqliyyat Agentliyinin mütəxəsislərinin iştirakı ilə yolcizgi və yolgöstərici xətlər çəkilib, yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.
Təmir-tikinti işləri tikinti norma və standartlarına uyğun şəkildə, texnoloji ardıcıllığa riayət edilməklə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.