Heydər Əliyev prospektinə keçid – tunelin inşası - VİDEO HESABAT

9 May 2018- 10:29
11 Heydər Əliyev prospektinə keçid – tunelin inşası - VİDEO HESABAT

 

Bakı Olimpiya Stadionun qarşısından Heydər Əliyev prospektinə keçidi təmin etmək məqsədi ilə inşa edilən tunelin qapalı hissəsinin uzunluğu 130, açıq hissəsinin uzunluğu 366 metr olmaqla ümumi uzunluğu 496 metrə bərabərdir. Tunelin hərəkət hissəsinin eni 10 metrdir.

 

Layihə çərçivəsində 193 metr yanaşma yolları inşa olunub, həmçinin Sabunçu yol qovşağınadək uzunluğu 702, eni isə 12 metr olan yeni yol hissəsi salınıb. Layihə zamanı inşa olunan biraşırımlı körpünün uzunluğu 27 metr, eni isə 12 metrdir.

 

Bu yol qovşağının inşası zamanı genişmiqyaslı tikinti-quraşdırma işləri görülüb, tunel və yan yollarda sutkanın qaranlıq saatlarında təhlükəsiz hərəkət etmək üçün işıq dirəkləri qoyulub, iki nasosxana quraşdırılıb, tikinti sahəsinə düşən kanalizasiya və rabitə xətləri köçürülüb. Layihənin icrası yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qovşağın inşasını texnoloji ardıcıllığa riayət olunmaqla aparıb.

 

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək, paytaxt yollarında sıxlığın azaldılması istiqamətinə dövlətimizin başçısının tövsiyə və tapşırıqlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tunelin inşasında məqsəd günün pik saatlarında metronun “Koroğlu” stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır. Bu layihənin icrası burada yarana biləcək tıxacların qarşısının alınmasında mühüm rol oynayır.

Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn avtonəqliyyat vasitələri Böyük Şor yol qovşağına daxil olmadan, həmçinin metronun “Koroğlu” stansiyasının qarşısından keçmədən yeni avtomobil tuneli ilə Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və oradan da Bakı Olimpiya Stadionunun arxa hissəsində salınan yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edəcək.