Orta məktəblərin önündə maarifləndirici aksiya keçirilib

24 Noyabr 2015- 00:00
11 Orta məktəblərin önündə maarifləndirici aksiya keçirilib

         Orta məktəb şagirdlərinin yol hərəkəti qaydalarını öyrənmələri ilk növbədə onları əhatə edən mühitə düzgün münasibətin formalaşmasına xidmət edir.

 

        Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, uşaqların hadisələrdə zərər çəkmələri onların  davranışından asılıdır.

 

         Bu üzdən yol hərəkəti qaydalarının öyrədilməsi və bu istiqamətdə maarifləndirici aksiyaların keçirilməsinin çox böyük əhəmiyyəti var. Yol hərəkəti qaydalarına riayət edilməsi və ictimai nəqliyyatdan düzgün istifadə qaydaları haqda maarifləndirmə işləri məktəblərin, aidiyyəti üzrə təşkilatların və  bütün ictimaiyyətin diqqət mərkəzində  olmalıdır.
 

         Hər il bu istiqamətdə tədbirlər keçirən "Azəryolservis” ASC tərəfindən ictimai nəqliyyatdan və piyada keçidlərindən düzgün istifadə ilə bağlı növbəti maarifləndirici aksiya təşkil olunub. Aksiya zamanı tədris müəssisələrinin qarşısında azyaşlı məktəblilər üçün hazırlanmış yol hərəkəti və ictimai nəqliyyatdan istifadə qaydaları olan broşürlər paylanılıb.

 

         Xüsusilə orta məktəblərin yaxınlığındakı yeraltı və yerüstü piyada keçidlərin yanında üzərinə “Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!” (Keç yerüstü keçiddən, uzaq ol təhlükədən!) şüarı yazılan  posterlər yapışdırılıb.  

 

         Qeyd edək ki, yol hərəkəti qaydaları ilə bağlı mütəmadi təlimlərin keçirilməsi və  maarifləndirici tədbirlərin təşkili uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdəndir.

 

XƏBƏRƏ AİD FOTOLAR

 

XƏBƏRƏ AİD VİDEO