Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, uzun müddət təmir edilməyən küçələrin təmir edilməsi ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm addımlar atılır.
Bu çərçivədə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilib. Təmir-tikinti işlərinin aparıldığı ərazinin uzunluğu 570 m, eni isə 10-27 m arasında dəyişir. Küçənin sözügedən hissəsi hərəkət intensivliyi ilə seçilən Ə.Haqverdiyev və Landau küçələri ilə kəsişir.
Təmir-tikinti işləri çərçivəsində ərazidə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə 2 laydan ibarət və 10.000 min kv.m sahəni əhatə edən yeni asfalt-beton örtük döşənib. Bundan başqa Şəfayət Mehdiyev küçəsində yağış-kanalizasiya sistemi bərpa olunaraq zəruri olan yerlərdə yeni yağış barmaqlıqları quraşdırılaraq köhnələri isə yenisi ilə əvəz olunub.
Təmir işlərinin sonuncu mərhələsində yol nişanları və yolun üfiqi nişanlanma xətləri çəkilərək Şəfayət Mehdiyev küçəsi yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.
Qeyd edək ki, bundan öncə Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti və Ə.Haqverdiyev küçələri arasında yerləşən 1.7 km-lik hissəsi təmir edilmişdi.