Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO / FOTO

29 May 2018- 15:22
11 Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO / FOTO

 Azərbaycan Prezidentinin Sərəncamına əsasən bir-neçə avtomobil yoluna çıxışı təmin etmək ( Bakı-Sumqayıt, Binəqədi-Novxanı, Mehdiabad-Fatmayı-Goradil, Zabrat-Maştağa) və bu yollar üzərində yerləşən qəsəbələrə gediş-gəlişi rahatlaşdırmaq baxımından xüsusi əhəmiyyətə malik olan Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.

  

2 hərəkət zolaqlı olan yolun uzunluğu 19.5 km, eni isə 8-10 metr arası dəyişir.

 

Layihə çərçivəsində yolun Balaxanı qəsəbəsindən başlayaraq Binəqədi qəsəbəsinədək olan təqribən 15 km-lik hissəsinə artıq 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Hazırda yolun Binəqədi qəsəbəsindən  Xırdalan dairəsinədək olan hissəsinin asfaltlanması işləri görülür.

 

Ümumilikdə yola 12 sm qalınlığında 175 min kv m. yeni asfalt örtüyü döşənir.

 

Yenidənqurma işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri görülüb.

 

Layihəyə uyğun olaraq vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5 m enində yeni piyada səkiləri inşa olunub, kənarlarına isə səki daşları düzülüb.

 

Tikinti işləri yekunlaşdırıldıqdan sonra zəruri olan yerlərə 100 ədəd yağış sularının kənarlaşdırması üçün yağış barmaqlıqları qoyulacaq, 150 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq.

 

Qeyd edək ki,  Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması həm yol boyu yerləşən qəsəbələrin on minlərlə sakinin, həm də bu yoldan istifadə edən digər vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq. Həmçinin bu yolun yenidən qurulması paytaxtın şimal girişində yaşanan sıxlığın azalmasına müsbət təsir etmiş olacaq. Çünki bir-neçə əsas yollarla kəsişən bu yol 20 Yanvar dairəsi istiqamətindən şəhərə daxil olmadan bir-çox qəsəbələrə çıxışa imkan verəcək.