Çaylı-Pənahlılar-Dozular avtomobil yolunun yenidən qurulması davam etdirilir - VİDEO / FOTO

30 May 2018- 17:19
11 Çaylı-Pənahlılar-Dozular avtomobil yolunun yenidən qurulması davam etdirilir - VİDEO / FOTO

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramında əsas prioritet hədəflərdən biri yol infrastrukturunun müasir şəkildə yenidən qurulması ilə vətəndaşlarımızın rahat gediş-gəlişini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlət həyata keçirilir.

 

Ölkə boyu avtomobil yollarında aparılan genişmiqyaslı yenidənqurma işləri Göygöl rayonundan da yan keçməyib.  Bu il həyata keçiriləcək kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri olan və M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 353-cü km-də ayrılan yerli əhəmiyyətli Çaylı-Pənahlılar-Dozular yolunun yenidən qurulması sürətlə və keyfiyyətlə davam etdirilir.

 

Çaylı-Pənahlılar-Dozular avtomobil yolu çınqıl örtüklü olduğu üçün gediş-gəlişdə yaşanan çətinliklər yolun yenidən qurulması ilə geridə qalır, ən əsası magistral yola çıxış əldə olunmaqla 3 yaşayış məntəqəsinin hər birinə müasir infrastruktur, rahatlıq və abadlıq gəlir. Bununla da yol boyu yaşayan 3 min nəfər əhalinin gediş-gəlişi həm təhlükəsiz olacaq, həm də xeyli rahatlaşmaqla yük və sərnişin daşıması asanlaşacaq. Bu amillər isə kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olacaq.

 

Layihəyə əsasən 18 km uzunluğa malik olan yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun yenidən qurulur,  yolun yararsız qruntu qazılaraq çıxarılır , yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir, dağ yamacları mexanizmlə kəsilir. Genişləndirilmiş və qazılmış hissələrə yararlı çınqıl materialı tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Yol yatağı hazır olan hissələrdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır.

 

Bu işlərə paralel olaraq artıq yola 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edəcək.

 

Yenidənqurma işləri çərçivəsində hazırda süni qurğuların inşası və əsaslı şəkildə bərpası da aparılır. Belə ki, Kürəkçay üzərində yerləşən və hər birinin uzunluğu 54 metr olan 3 aşırımlı 2 avtomobil körpüsü əsaslı şəkildə təmir olunub, yolun altından suların ötürülməsi üçün mövcud olan suötürücü borular bərpa olunur və müxtəlif diametrli 185 paqon-metr uzunluğunda yeni dəmir-beton suötürücü boruların, həmçinin 1 ədəd 12 paqon-metr uzunluğunda su keçidinin inşası işləri görülüb.

 

Bütün işlər tikinti norma və standartlarına uyğun olaraq, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması ilə yol boyu zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırıldıqdan, yolcizgı və yolgöstərici xətlər çəkildikdən sonra yol tam müasir şəkildə avqust-sentyabr aylarında vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.