Azərbaycanda həyata keçirilən yol layihələri avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır. Ümumilikdə bu layihələr hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərir və bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirir. Bu istiqamətdə icra olunan layihələrdən biri də respublika əhəmiyyətli Şamaxı-Çöl Göylər-Padar-Sabirabad avtomobil yolunun Padar-Sabirabad hissəsinin əsaslı şəkildə yenidən qurulmasıdır.
3-cü texniki dərəcəli olan Şamaxı-Çöl Göylər-Padar-Sabirabad avtomobil yolunun Padar-Sabirabad hissəsinin uzunluğu 26 km-dir. Sözügedən hissə müasir görkəmdə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.
Padar-Dsabirabad avtomobil yolunun asfalt-beton örtüyü aşınmaya, torpaq yatağı təbii hava şəraiti və ağır texnikaların hərəkəti altında dağılmaya məruz qalmışdı, uzun müddət ərzində təmir olunmadığından yol boyu çalalar əmələ gəlmişdir ki, bunun da nəticəsində örtük dağılmaqda davam edirdi, yağış sularının axıdılması üçün maililiklər normaya uyğun deyildi və bəzi yerlərdə çökmələr-deformasiyalar yaranmışdı.
Bunların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən torpaq yatağının qazılıb çıxarılması və əvəzinə karxanadan yararlı materialın tökülərək kipləşdirilməsi, ardınca isə asfalt-beton örtüyünün tikintisi işləri həyata keçirilib.
Yenidənqurma işləri çərçivəsində 280 min kub.m həcmdə yolun qabarmış və çökmüş hissələri qazılaraq çıxarılıb, 200 min kub.m həcmdə isə yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri aparılıb. Bundan başqa karxana çınqıl materialı ilə torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması, avtoqreyderlə yayılaraq kipləşdirilməsi işləri də görülüb. Bu işlərin həcmi isə 85 min kub.m təşkil edir.
Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq yol əsası inşa edilib. Əsasın alt qatının tikintisi 25 sm hündürlükdə karxana qum-çınqıl materialı ilə, alt qatının tikintisi isə 18 sm qalınlıqda optimal tərkibli qırmadaş qum-çınqıl qarışığı ilə aparılıb. Bu işlər ümumilikdə 300 min kv.m-dən çox sahəni əhatə edib.
Bunun ardınca isə yol geyiminin tikintisi üçün yol boyu 182 min kv.m sahədə 3 laydan ibarət və 17 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi, 125 min kv.m sahəni əhatə edən ərazidə isə çiyinlərin 17 sm hündürlükdə optimal-çınqıl materialı ilə bərkidilməsi işləri görülüb.
Tikinti norma və standartlarına uyğun olaraq yararsız vəziyyətə düşmüş suötürücü dəmir-beton boru başlıqları təmir olunub, Kür çayı və Şirvan kollektoru üzərində yerləşən körpülərin yararsız vəziyyətə düşmüş məhəccərləri və beton səki daşları yeniləri ilə əvəz edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilən yenidənqurma işlərinin sonuncu mərhələsində, hərəkətin normal təşkili üçün 720 ədəd siqnal dirəyi, 50 ədəd yol nişanı və göstəricilər, 26 ədəd km göstəricisi quraşdırılıb, yolun üfiqi nişanlanma xətləri çəkilib.
Qeyd edək ki, Padar-Sabirabad avtomobil yolu respublikamızın regionları və rayonları rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, iki magistral yolu, Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi və Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yollarını birləşdirməklə tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.