Oğuzda Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun tikintisi yekunlaşır - VİDEO / FOTO

25 İyul 2018- 14:01
11 Oğuzda Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun tikintisi yekunlaşır - VİDEO / FOTO

Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən sistemli fəaliyyət çərçivəsində Oğuz rayonu Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri artıq yekunlaşır.

 

17.5 km uzunluğa malik olan avtomobil yolunun 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpası işləri bitir. 6 metr hərəkət hissə, 2 metr çiyinlər olmaqla yolun eni 10 metr təşkil edir.

 

Başlanğıcını respublika əhəmiyyətli R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yolundan götürən yerli əhəmiyyətli yol torpaq və çınqıl örtüklü idi. Bu üzdən 4 yaşayış məntəqəsində yaşayan 4 min nəfər əhalini gediş-gəlişində çətinliklər olurdu. Lakin yolun yenidən qurulması ilə bu çətinliklər geridə qalır.

 

Aparılan işlər zamanı yol boyu yeni yol yatağı inşa edilib. Buna paralel olaraq mövcud suötürücü boruların yenilənməsi və zəruri olan yerlərdə yenilərinin inşası işləri də görülüb. Bu işlərə uyğun müxtəlif diametrli 200 metr uzunluğunda yeni dəmir-beton suötürücü boru quraşdırılıb.

 

Tikinti layihəsinə uyğun olaraq daha sonra optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrdə isə yolun asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 100 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir.

 

Layihə çərçivəsində tikinti işlərindən sonra yolda hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin quraşdırılması, həmçinin üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

 

Yenidənqurma işlərinin yaxın aylarda yekunlaşdırılması nəzərdə tutulub.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərindən sonra əhalinin R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna çıxışı asanlaşacaq, onların yetişdirdikləri məhsulların rayon mərkəzinə və qonşu rayon bazarlarına rahat daşınmasına imkan yaranacaq. Bundan başqa yolun əsaslı şəkildə bərpası turizmin də inkişafına səbəb olacaq.