Qubada 11 yaşayış məntəqəsini əhatə edən yolların bərpası yekunlaşır - VİDEO / FOTO

31 İyul 2018- 11:33
11 Qubada 11 yaşayış məntəqəsini əhatə edən yolların bərpası yekunlaşır - VİDEO / FOTO

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, onların yetişdirdikləri məhsulların bazarlara tez və xarab olmadan çatdırılmasına şərait yaratmaqla əhalinin həyat şəraitinə müsbət təsir edən kənd təsərrüfatının inkişafına, dağlıq və dağətəyi ərazilərdə mövcud turizm potensialını genişləndiməklə yeni turizm marşrutlarına yaradılmasına gətirib çıxaracaq yol infrastrukturu layihələrinin işlənilməsi istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ölkə boyu kompleks tədbirlər həyata keçirilir. Quba rayonunda bu çərçivədə 11 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.

 

Quba rayonunda həyata keçirilən yol infrastrukturu layihələri sırasında başlanğıcını M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan götürən 33 km-lik İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə uzanan yollardır.

 

Sözügedən yolların uzun müddət təmir olunmadan istismarı nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmiş, yolun çınqıl və qara örtüyü tamamilə sıradan çıxmışdı, üstəgəl yol bəzi hissələrdə kənar relyefdən aşağı səviyyədə idi və torpaq yatağının eni standartlara cavab vermirdi. Sadalanan problemlərin, o cümlədən yollar boyu hərəkət nəticəsində yaşanan maneələrin dərhal aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi marşrut üzrə lazımi sayda qüvvə cəlb etməklə təxirəsalınmaz tədbirlərə start vermişdi.

 

11 yaşayış məntəqəsini əhatə edən digər İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun IV texniki dərəcəyə uyğun yenidən qurulması yekunlaşır.

 

Layihəyə uyğun olaraq mövcud yararsız asflat-beton örtük 5400 kub.m həcmdə sökülərək daşınıb, yolun torpaq yatağı genişlədirilib, yararsız qrunt 31 min kub.m həcmdə qazılıb çıxarılıb, qazılmış və genişləndirilmiş hissələrdə yararlı qrunt tökülərək hissə-hissə yayılıb və kipləşdirmə işləri aparılıb. Bu işlərin həcmi 48 min kub.m təşkil edib.

 

Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yol əsasının alt layı 20 sm hündürlükdə qum-qırmadaş, əsasın üst layı isə 16 sm hündürlükdə optimal-çınqıl qarışıqlardan istifadə edilməklə təqribən 350 min kv.m sahədə inşası aparılıb.

 

Yol əsasının inşası yekunlaşmış ərazilərin isə artıq asfaltlanmasına start verilib. Əlaqələndirici bitum səpilməklə iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə örtüyün alt layı 7 sm qalınlıqda, xırda dənəli qarışıqdan istifadə edilməklə isə üst layı 5 sm qalınlıqda salınır. Bu işlər təqribən 200 min kv.m sahəni əhatə edir.

 

Asfaltlanma işlərinin ardınca növbəti mərhələdə 100 min kv.m sahədə çiyin hissələrin optial-çınqıl materialı ilə bərkidilməsi, 2 min kv.m sahədə isə yol birləşmələrinin təmiri işləri görüləcək. 

 

Tikinti norma və standartlarına uyğun olaraq yol boyu suötürücü borular yararsız vəziyyətdə olduğu üçün müxtəlif diametrli 44 ədəd 528 paqon-metr uzunluğunda olan dairəvi dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının monolit-betonla tikintisi işləri aparılıb.

 

İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə müasir yol infrastrukturunun yaradılması üçün icra olunan layihə çərçivəsində 148 ədəd yol nişanının, 33 ədəd km göstəricisinin və 1350 ədəd siqnal dirəyinin quraşdırılması, hərəkətin normal təşkili üçün 99 km uzunluğunda yolcizgi və yolgöstərici xətlərin, həmçinin 3 min metr yol birləşmələri və piyada keçidlərində piyada zolağının çəkilməsi nəzərdə tutulub.

 

Təbii ki, sözügedən istiqamət üzrə yolların əsaslı şəkildə yenidən qurulmasında məqsəd vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını rahatlaşdırmaqla qeyd olunan ərazilərdə vətəndaşların sosial rifah halına müsbət təsir edən kənd təsərrüfatının və turizmin inkişafı sürətləndirməkdir.