Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Məhz sıxlığın aradan qaldırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Dövlət Agentliyi paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərin yenidən qurulması işlərini aparır.
Yasamal rayonunda bu çərçivədə yenidən qurulan Əsəd Əhmədov küçəsindən sonra Məhəmməd Xiyabani və “A Keçidi” küçələrinin əsaslı şəkildə təmiri işlərinə start verilib.
Hazırda Məhəmməd Xiyabani küçəsinin Bakı Dairəvi-1 avtomobil yolu ilə kəsişməsindən “A Keçidi” küçəsi ilə kəsişməsinədək olan 550 metrlik hissəsi və “A Keçidi” küçəsinin Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələri arasında yerləşən 400 metrlik hissəsi təmir edilir.
Küçələr uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğramış, qabarmalar, çökmələr və çatlar əmələ gəlmişdi. Üstəlik küçələr boyu piyadalar üçün bəzi hissələrdə səkilərin olmaması, mövcudlarının isə dağılması bütün hərəkət iştirakçıları üçün problemlərə gətirib çıxarırdı. Bu üzdən küçələrin əsaslı şəkildə təmir olunması zərurəti yaranmışdı.
Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı 6 min kv.m sahədə frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 22 min kub.m həcmdə qazılaraq çıxarılır, qazılmış və genişləndirilmiş ərazilərə isə 30 min kub.m-dən çox yararlı material tökülərək kipləşdirmə işləri aparılır.
Bu işlərin ardınca zəruri olan ərazilərdə 5800 kub.m həcmdə yol əsası inşa ediləcək. Daha sonra həmin ərazilərə əlaqələndirici bitum səpilməklə düzləndirici asfalt-beton qatı döşənəcək. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə küçələrə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək. İri və xırda dənəli olmaqla küçələrin 26 min kv.m sahəsinin asfaltlanması nəzərdə tutulub.
Tikinti norma və qaydalarına uyğun olaraq, 8 yerdə yolun altından 74 metr uzunluğunda 250 mm-lik ehtiyyat borular atılacaq, səth sularının yoldan normal kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub və zəruri olan yerlərdə yeni sistem qurulacaq. Bunun üçün 7 yerdə 250 mm diametrində və 100 metr uzunluğunda borular quraşdırılacaq, 22 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 52 ədəd yei baxış qapaqları qoyulacaq.
Küçələr boyu aparılan bu işlər gələcəkdə suyun yığılmasının qarşısını alacaq və asfalt-beton örtüyün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.
Layihəyə uyğun olaraq vətəndaşların rahat hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkilərinin bərpası və yenilərinin inşası işləri də görüləcək. Bu məqsədlə hər iki küçədə 4 min metrə yaxın piyada səkiləri qurulacaq, kənarlarına səki daşı düzüləcək.
Asfaltlanma işləri bitən kimi küçələr boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə 90 ədəd yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətləri çəkilərək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında sözügedən ünvanda hərəkətin normallaşmasına xidmət edən yeni və müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan işlərin qısa müddət ərzində yekunlaşdırılıb vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.