Cəlilabad və Yardımlı rayonları arasında yeni yol bağlantısı yaradılıb - VİDEO / FOTO

20 Noyabr 2018- 11:56
11 Cəlilabad və Yardımlı rayonları arasında yeni yol bağlantısı yaradılıb - VİDEO / FOTO

Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, Azərbaycanda beynəlxalq, respublika və yerli əhəmiyyətli yolların müasir səviyyəyə çatdırılması istiqamətində mühüm işlər görülüb və görülməkdə davam edir.  Yeni-yeni yollarının inşası, mövcud yolların ən müasir səviyyəyə çatdırılması isə ilk növbədə, əhalinin sosial məsələlərinin həlli baxımından olduqca vacib əhəmiyyətə malikdir.

 

CəliLabad və Yardımlı rayonları arasında yeni bir bağlantı yaradan Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisi də məhz buna hesablanıb. Azərbaycan Prezidentinin Sərəncamına əsasən sözügedən yol yüksək sürətlə və keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulub. Yol boyu hazırda son tamamlanma işləri aparılır.

 

60 mindən çox əhalinin yaşadığı 59 yaşayış məntəqəsini birləşdirən sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyin hissələr daxildir.

 

Avtomobil yolunun ümumi uzunluğu 72 km-dir. Yolun 51 km-i Cəlilabad rayonu, 21 km- isə Yardımlı rayonu ərazisindən keçir. Yolun Cəlilabad rayonu ərazisinə düşən 51 km-lik hissəsinin 35 km-də yenidənqurma işləri 2014-cü ildə aparılmışdı.

 

Hazırda isə tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun Yardımlı rayonu ərazisinə düşən 21 km-lik və Cəlilabad rayonu ərazisinə düşən 16 km-lik hissələrində aparılaraq yekunlaşdırılıb.

 

Qeyd olunan hissələrdə tikinti norma və standartlarına uyğun olaraq aparılan yenidənqurma işləri çərçivəsində yeni yol yatağı inşa olunub. Bunun üçün yol boyu irimiqyaslı tikinti işləri aparılıb. Belə ki, yolun avtoqreyderlə profilə salınması və genişləndirilməsi, yararlı material tökülərək kipləşdirilməsi, dağ yamaclarının kəsilməsi işləri texnoloji ardıcıllıqla həyata keçirilib. Ümumilikdə tikinti işlərinin  aparıldığı ərazi 300 min kv.m-dən çox sahəni əhatə edib.

 

Layihə çərçivəsində yolun altından suların ötürülməsi üçün mövcud boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli suötürücü dəmir-beton boruların tikintisi işləri də aparılaraq yekunlaşdırılıb. Bunun üçün bir-neçə nöqtədə 500, 800 və 1500 mm diametrli boruların quraşdırılması işləri görülüb.

 

Yeni yol yatağı hazır olan kimi, lahiyədə nəzərdə tutulmuş qalınlıqda optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət yeni yol əsası inşa edilib. Daha sonra Cəlilabad-Yardımlı avtomobil yolunun sözügedən hissələrində asfaltlanma işləri aparılıb. Asfaltlanma alt və üst lay olmaqla xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə aparılıb və 200 min kv.m-dən çox sahəni əhatə edib.

 

Hazırda layihə üzrə nəzərdə yolun tutulmuş hissələrində çiyin hissələrin nəzərdə tutulmuş qalınlıqda optimal-qırmadaş qarışığı ilə bərkitmə işləri aparılır.

 

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılıb. Bunun üçün əraziyə lazımi sayda canlıq qüvvə və texnika cəlb olunmuşdur. Tikinti işləri tam olaraq bitəndən sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlər çəkiləcək.

 

Qeyd edək ki, iki rayonu birləşdirmək baxımından mühüm əhəmiyyətə malik yolun yenidən qurulması, ilk növbədə, vətəndaşların rahatlığını, nəqliyyatın və piyadaların təhlükəsizliyini təmin etmək, həmçinin ölkəmizdə nəqliyyat sahəsinin inkişafına dəstək vermək məqsədi daşıyır. Belə layihələr, eyni zamanda, Azərbaycanda reallaşdırılan sosial-iqtisadi inkişafın uğurla davam etdiyini göstərir. Bu cür müasir yol layihələrinin icrası ümumilikdə regionların iqtisadiyyatına da töhfə verir, fermerlərin məhsullarını daha rahat və tez daşıması üçün əlverişli şərait yaradır.