Bakı-Şamaxı-Muğanlı yolunun 77.7 km-lik hissəsi yenidən qurulub - VİDEO / FOTO

20 Noyabr 2018- 11:58
11 Bakı-Şamaxı-Muğanlı yolunun 77.7 km-lik hissəsi yenidən qurulub - VİDEO / FOTO

Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm əhəmiyyətə malik Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 23.3-101-ci km-lik ( 77.7 km ) hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına (bəzi hissələrdə 6 zolaq) genişləndirilməsi layihəsi uğurla icra olunaraq yekunlaşdırılıb.

 

Layihəyə uyğun olaraq yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3,75 m, ayrıcı zolağın eni 5 m, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 m təşkil edir.

 

Hamarlayıcı lay 50 sm, əsasın qranular alt layının qalınlığı 22 sm, doğranmış əsas layının qalınlığı isə 15 sm olmaqla yol geyiminin əsasının qalınlığı  87 sm-dir.

           

Bitumlu əsas layının qalınlığı 19 sm, əlaqələndirici asfalt layının qalınlığı 6 sm, üst aşınma layının qalınlığı 4 sm olmaqla yol örtüyünün əsası isə 29 sm təşkil edir. Ümumilikdə yol geyiminin qalınlığı 1 m 16 sm-dir.

 

Sözügedən magistral 4 hissə üzrə yenidən qurulub. Bu hissələr yolun 23.3-25.1, 25.1-54.6,  54.6-77.5 və 77.5-101-ci km-liyini əhatə edib.

 

Yolun 23.3-25.1-ci km-lik (1.85 km) hissəsi Müşfiqabad qəsəbəsindən keçir. Burda 2016-cı ildə start götürən tikinti işləri 2017-ci ildə yekunlaşdırılıb.

 

Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun qeyd olunan hissəsinin yenidən qurulması layihəsi üzrə yolun genişləndirilməsi, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri yerinə yetirilib.

 

Bundan başqa 3 ədəd dairəvi suötürücü və 245 mm-lik 38 ədəd dairəvi boru, yolun 23.5 və 24.5-ci km-lik hissəsində 2 ədəd yerüstü piyada keçidi inşa edilib, piyadaların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə iki istiqamət üzrə 1.5 m enində səkilərin tikintisi də aparılıb.          

 

Yolun Müşfiqabad-Cəngi hissəsinə əhatə edən 25.1-54.6-ci km-liyində (29.5 km) tikinti işlərinə 2016-cı ildə başlanılıb və 2017-ci ildə tam olaraq yekunlaşdırılıb.

 

Layihə üzrə bu hissədə 32 ədəd dairəvi suötürücü borunun, 5 ədəd düzbucaqlı su keçidinin, 4 ədəd alt keçidin, 5 ədəd geri dönmə hissələrin, 26 ədəd drenaj boruların və Pirəkəşkül qəsəbəsi ərazisində 1 ədəd metal konstruksiyadan ibarət yerüstü piyada keçidinin tikintisi işləri aparılıb.

 

Magistralın Cəngi-Qobustan hissəsini əhatə edən 54.6-77.5-ci km-liyi üzrə yenidənqurma işləri 2013-cü ildə başlanılıb 2016-ci ildə isə yekunlaşdırılıb.

 

Yol boyu layihə çərçivəsində 40 ədəd dairəvi suötürücü boru, 6 ədəd düzbucaqlı su keçidi və 8 ədəd yeraltı,  yolun 66-cı km-də, Qobustan rayonu Cəngi kəndi ərazisində yeni yerüstü piyada keçidi inşa olunub. 

 

Bundan başqa sözügedən hissədə yolun 72.9-cu km-də, Ceyrankeçməz çayı üzərində 47.5 m uzunluğunda yeni avtomobil körpüsünün və 6 yerdə geri dönmə hissəsinin tikintisi də aparılıb.

 

 

Yolun 77.5-101 km-liyini əhatə edən Qobustan-Bədəlli hissəsində (23.5 km) tikinti işlərinə 2013-cü ilin sonunda başlanılıb və 2017-ci ildə başa çatdırılıb.

 

Yolun 78.4-cü km-də, Ceyrankeçməz çayı üzərində 2-ci avtomobil körpüsü inşa edilib. Körpünün uzunluğu 54.1 m təşkil edir.

 

Layihə üzrə sözügedən hissədə 45 ədəd dairəvi sutürücü boru, 3 ədəd düzbucaqlı su keçidi, 8 ədəd yeraltı və 5 ədəd yerüstü piyada keçidi inşa edilib. Magistral yolun 80-ci km-də sürüşməyə meyilli sahədə əlavə bərkitmə, svayvurma işləri görülüb, monolit-beton istinad divarları və drenaj bory xətləri inşa edilib.

 

Ümumilikdə Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 23.3-101-ci km-lik hissəsində layihə çərçivəsində 158 ədəd dairəvi suötürücü boru, 14 ədəd düzbucaqlı su keçidi, 20 ədəd yeraltı və 8 ədəd yerüstü keçid və 26 ədəd drenaj boru inşa edilib.

 

Bundan başqa layihə üzrə 11 ədəd geri dönməni təmin etmək üçün xüsusi hissə və Ceyrankeçməz çayı üzərində 2 yeni avtomobil körpüsü də var.

 

Hazırda yolun  101-117 km-lik (16 km) Bədəlli-Şamaxı şəhəri hissəsinin yenidən qurulması işləri aparılır.

 

Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa yenidən qurulması nəticəsində müasir, təhlükəsiz yol infrastrukturu yaranıb. Bundan başqa, bu layihənin həyata keçirilməsi həm də turizmin və regionların sosial-iqtisadi inkişafına töhfə verəcək, yol istismar və nəqliyyat xərclərinin azaldılması, vaxta qənaətin əldə edilməsi hesabına Abşeron, Dağlıq Şirvan iqtisadi rayonlarının və ümumilikdə, respublika iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq.