Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda mühüm yol layihələri həyata keçirilir. Nəticədə həm ölkə əhəmiyyətli, həm də şəhər, rayon, qəsəbə və kənddaxili yollar müasir səviyyədə yenidən qurulur.
Bu çərçivədə Yardımlı rayonunda cari ildə yenidən qurulan və uzunluğu 22 km olan avtomobil yolunda işlər sürətlə davam etdirilir.
Söhbət yerli əhəmiyyətli Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolundan gedir.
Başlanğıcını respublika əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolundan götürən yerli əhəmiyytli Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 20 mindən artıq əhalinin yaşadığı 15 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis olub. Çünki avtomobil yolunun ilk 13 km-lik hissəsi çınqıl, qalan 9 km-lik hissəsi isə torpaq örtüklü idi. Bu üzdən sözügedən avtomobil yolu ilə xüsusən payız-qış mövsümündə hərəkət edərkən çətinliklər yaşanırdı.
Hazırda aparılan yenidənqurma işləri ilə hərəkətdə yaşanan problem aradan qaldırılır.
22 km uzunluğa və 3-6 metr arası enə malik avtomobil yolunun təqribən 13 km-i deformasiyaya uğramış çınqıl örtük olduğu üçün həmin hissədə 20 min kub.m həcmdə yol yatağı qazılaraq çıxarılıb, IV texniki dərəcəyə uyğun 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılıb.
Yolun 9 km-lik hissəsi isə torpaq örtüklü olduğu üçün bu ərazidə tikinti norma və qaydalarına uyğun olaraq yeni yolun inşası işləri aparılıb, yol profilə salınıb, bitki qatı təmizlənib, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi işləri görülüb. Bundan başqa yolun genişləndirilməsi üçün bəzi hissələrdə dağ yamacları mexanizmlə kəsilərək daşınıb.
Daha sonra xüsusi qruntla yeni yol yatağı inşa edilib. Yol yatağının ardınca tikinti norma və standartlarına uyğun olaraq yol əsasının alt layının tikintisi işləri aparılıb. Tikinti zamanı 20 sm qalınlıqda qum-çınqıl qarışığından istifadə olunub. Hazırda yol boyu yol əsasının üst layının tikintisi 16 sm qalınlıqda optimal-qırmadaş qarışığı ilə aparılır. Bu işlər 250 min kv.m sahədə görülür. Yol əsası hazır olan hissələrin isə asfaltlanması işləri görülür. Yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.
Tikinti işləri çərçivəsində mövcud suötürücü borular istismara yaramadığı üçün yenisi ilə əvəz edilməsi və zəruri yerlərdə yenilərinin quraşdırılması, başlıqlarının dəmir-betonla təmiri və izolyasıyasi işləri aparılıb. Bu çərçivədə yol boyu 364 paqon-metr uzunluğunda 500 və 1000 mm diametrli suötürücü dəmir-beton boru quraşdırılıb, 14 paqon-metr uzunluğunda dördbucaqlı su keçidi inşa edilib. Layihəyə uyğun olaraq Viləş çayı üzərində isə 24 metr uzunluğunda dəmir konstruksiyalı avtomobil körpüsünün inşası işlərinə başlanılıb.
Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yuyulmuş torpaq yatağının bərpası və əlavə bərkidilməsi işləri görülür. Belə ki, 57 min kub.m həcmdə xüsusi qrup qruntun əraziyə gətirilərək yayılır və kipləşdirilir, avtoqreyderlə 4 km uzunluğunda küvetlərin açılması, 400 kub.m dəmir-beton küvetlərin inşası, yolun müxtəlif nöqtələrində istinad divarının dəmir-betonla tikilməsi və izolyasiyası işləri aparılır.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 90 ədəd yol nişanı, 22 ədəd km göstəricisi və 880 ədəd siqnal dirəkləri quraşdırılacaq, 66 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.
Qeyd edək ki, Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun yenidən qurulması ilə gediş-gəliş rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq. Bundan başqa yolun keçdiyi ərazilər boyu vətəndaşların sosial rifah halına müsbət təsir göstərən kənd təsərrüfatının və turizmin inkişafı, yeni turizm marşrutlarının yaranması da hədəflənir.