Zaqatalada 3 istiqamət üzrə avtomobil yolları yenidən qurulur- VİDEO / FOTO

20 Noyabr 2018- 10:14
11 Zaqatalada 3 istiqamət üzrə avtomobil yolları yenidən qurulur- VİDEO / FOTO

Bu gün Zaqatala rayonunda yol infrastrukturunun tamamilə yenidən qurulması və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Bu çərçivədə icra olunan layihələrdən daha biri 42 km uzunluğa malik Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulmasıdır.

 

Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yolları 3 istiqamət üzrə yenidən qurulur. Bu Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 128-ci km-dən ayrılan 9.8 km uzunluğa malik III texniki dərəcəli respublika əhəmiyyəti Zaqatala dəmir yolu stansiyası avtomobil yolu, IV texniki dərəcəli 24 km uzunluğa malik yaşayış məntəqələrini birləşdirən yollar və 8.2 km uzunluğunda yaşayış məntəqələrinin daxili yollarıdır.

 

III və IV texniki dərəcəli çınqıl və asfalt-beton örtükdən ibarət avtomobil yolları uzun illər istismar olunduğundan yol örtüyündə aşınmalar, tor şəkilli çatlar, qabarma və çökmələr əmələ gəlmiş, yolların torpaq yatağı təbii relyef ilə eyni səviyyədə olduğundan dağılmalar və çökmələr yaranmışdır. Bu səbəbdən torpaq yatağının qaldırılmasına, yol əsasının və yolun asfalt-beton örtüklə təmir olunmasına ehtiyac yaranmışdır. Hazırda yenidənqurma işləri məhz bu çatışmazlıqları aradan qaldırmağa hesablanıb.

Layihəyə uyğun olaraq yollar boyu 97 min kub.m həcmdə mövcud asfalt-beton örtüyü sökülərək daşınır, deformasiyaya uğramış örtük, yararsız yol əsası və torpaq yatağı qazılaraq çıxarılır və kənarlaşdırılır. Bunun əvəzinə 136 min kub.m həcmdə yolun torpaq yatağının təmiri, qazılmış hissələrin yenidən bərpası və yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması üçün xüsusi qrunt gətirilərək yayılır və kipləşdirilir.

 

Mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə düşdüyü üçün hazırda yollar boyu suötürücü boruların yenisi ilə əvəz edilməsi işləri aparılır. Bunun üçün 500, 750, 1000 və 1250 mm diametrli 23 ədəd 291 paqon-metr uzunluğunda dəmir-beton suötürücü borular quraşdırılır, 2 nöqtədə 24 paqon-metr uzunluğunda dördbucaqlı su keçidi  inşa edilir, yolun altından kommunikasiya xətlərini keçirmək məqsədi ilə 6 yerdə 54 paqon-meytr uzunluğunda 300 mm diametrli boruların quraşdırılması işləri aparılır.

 

Tikinti norma və qaydalarına uyğun olaraq növbəti mərhələdə 390 min kv.m sahədə yol əsasının inşası işləri aparılacaq. Bunun üçün 20 sm qalınlıqda qum-qırmadaş qarışığından əsasın alt layı, 16 sm qalınlıqda isə optimal-çınqıl qarışığından əsasın üst layı inşa ediləcək. Bunun ardınca 265 min kv.m sahədə asfalt-beton örtüyün tikintisi işləri aparılacaq. Bu işlər örtüyün alt layı üçün 6 sm qalınlıqda iri dənəli, üst layı üçün 4 sm qalınqlıda xırda dənəli asfalt-beton qarışıqlarından istifadə edilməklə həyata keçiriləcək, 17 min kv.m sahədə isə çiyin hissələr optimal-qırmadaş materialı ilə bərkidiləcək. Həmçinin layihəyə uyğun olaraq 2700 kv.m sahədə 33 yol birləşməsi əsaslı şəkildə təmir ediləcək.

 

Aparılan yenidənqurma işləri çərçivəsində layihənin Zaqatala dəmir yolu stansiyası avtomobil yolunda Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə eyni səviyyəli yol qovşağında qəsəbə daxilindən keçən hissəsində hər iki tərəfdə piyada səkilərinin təmiri üçün yararsız bardür daşlarının və səkilərin sökülməsi işləri aparılacaq, yeni piyada səkiləri inşa ediləcək, kənarlarına isə yeni səki daşları düzüləcək. Bundan başqa sözügedən hissədə, həmçinin yaşayış məntəqələrini birləşdirən yolda yerləşən iki mövcud avtomobil körpülərində yararsız körpü məhəccərləri yenisi ilə əvəz ediləcək, məhəccərlərin oturacaq hissələri və təkərqaytaranlar monolit dəmir-betonla təmir ediləcək.

 

Layihənin sonuncu mərhələsi üzrə 12 nöqtədə avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün 203 yol nişanı, 34 km göstəricisi və 970 siqnal dirəyi quraşdırılacaq, 125 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkilməklə 42 km uzunluğa malik Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan marşrutu üzrə yeni və müasir yol infarstrukturu yaradılacaq və vətəndaşların istifadəsinə veriləcək.