Azərbaycanda son dövrlərdə yol infrastrukturunda baş verən əsaslı dəyişikliklərin nəticəsini hər bir vətəndaş öz şəxsi həyatında hiss edir. Dövlətimizin başçısının imzaladığı sərəncamına əsasən, Şəmkir rayonunda yerli əhəmiyyətli Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.
III texniki dərəcəli asfalt-beton örtüklü Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun 15 km-lik hissəsi 1976-1977-ci illərdə inşa edilib. Avtomobil yolu uzunmüddətli intensiv və ağır yüklü nəqliyyat vasitələrinin hərəkəti nəticəsində deformasiyaya uğradığından hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Yolda hərəkət hissəsində çalalar və çökmələr əmələ gəlmiş, en və uzunluq profilləri pozulmuşdur, yolun çiyin hissələri çökmüş və atmosfer yağıntılarından yuyulmuşdur. Bundan başqa yolun müxtəlif hissələrində torpaq yatağının hündürlüyü aşağı səviyyədədir. Bu üzdən yolda təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac yaranmışdır.
Hazırda sadalanan qüsurların aradan qaldırılması üçün Agentlik tərəfindən yenidənqurma işləri aparılır. Layihəyə uyğun olaraq mövcud örtük 10 min kub.m həcmdə sökülərək kənara daşınır, torpaq yatağının normativ hündürlüyə qaldırılması üçün zəruri ərazilərdə işlər aparılır. Bu işlərin həcmi 25 min kub.m təşkil edir.
Yol boyu mövcud boruların bəzilərinin özü, bəzilərinin isə başlıqları yararsız olduğu üçün yenisi ilə dəyişdirilirməsinə, həmçinin kiçik su arxlarının və kommunikasiya xətlərinin keçməsi üçün yolun bəzi hissələrində metal boruların quraşdırılmasına ehtiyac olduğu üçün 5 ədəd 1.25 m diametrli dəmir-beton və 15 ədəd 500 mm diametrli metal boruların quraşdırılması işləri görülür. Yolun 3-cü və 8-ci km-dəki kiçik körpülərin əvəzinə 2x2 en kəsikli düzbucaqlı dəmir-beton boruların quraşdırılması məqsədə uyğun hesab olunduğu üçün bu istiamətdə də addımlar atılır.
Bu işlərə paralel olaraq əsasın tikintisi işləri də görülür. Belə ki 200 min kv.m sahədə əsasın alt layı 20 sm hündürlükdə karxana çınqılı, üst layı isə 16 sm hündürlükdə optimal tərkibli çınqılı ilə tikilir. Yol əsası hazır olan hissələrdə isə asfaltlanma işləri görülür. Yol örtüyünün alt qatı 7 sm qalınlıqda iri dənəli, üst qatı isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilir.
Bundan başqa Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun 9-cu km-dəki 1989-cu ildə inşa edilən Şəmkir çayı üzərindəki 79 metr uzunluğunda olan körpü qəzalı vəziyyətə düşdüyündən əsaslı şəkildə bərpası işləri aparılır. Belə ki, körpünün dayaqları bərkidilir, hər iki tərəfdə su nizamlayıcı beton qurğular inşa edilir, konuslar və körpünün girişlərində keçid pilitələr bərpa edilir,səkilər təmir edilir, məhəccərlər dəyişdirilir.
Tikinti norma və standartlarına uyğun olaraq layihənin sonuncu mərhələsində çiyin hissələr 75 min kv.m sahədə 12 sm qalınlığında optimal-çınqıl materialı ilə bərkidiləcək, 2600 kv.m sahədə yol birləşmələri təmir ediləcək, hərəkətin normal təşkili üçün 30 km göstəricisi, 80 yol nişanı, 660 siqnal dirəyi quraşdırılacaq, 45 km uzunluğunda yolcızgi və yol göstərici xətlər çəkiləcək.
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun tikintisi 71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.