Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Ağsu rayonunun Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun yenidən qurulması da bu tədbirlər sırasındandır.
Muğanlı-İsmayıllı avtomobil yolunun 7-ci km-dən ayrılan Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun uzunluğu 15 km-dir. IV texniki dərəcəli avtomobil yolu çınqıl örtüklü olmaqla uzun illər istismar olunduğundan və təmir işləri aparılmadığından yolun torpaq yatağı və yol əsası istismar müddətini keçmiş, yararsız vəziyyətə düşmüşdür. Avtomobil yolunun təmir olunmasına ehtiyac yaranmışdır. Bu üzdən Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun yenidən qurulması işlərinə start verib.
Yenidənqurma işləri çərçivəsində 21500 kub.m həcmdə torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, yolun üst yamac hissəsi 12 min kub.m həcmdə kəsilir, 45 min kub.m həcmdə isə torpaq yatağı qazılıb, əvəzinə yararlı qrunt tökülərək yayılıb kipləşdirilir. Zəruri olan yerlərdə 1 m diametrində dəmir-beton suötürücü boruların quraşdırılması və izolyasiyası işləri də görülür.
Torpaq yatağı hazır olan hissələrdə əsasın alt və üst layı inşa edilir. Əsasın alt layı 20 sm qalınlıqda qum-qırmadaş, üst layı isə 16 sm qalınlıqda optimal-çınqıl qarışıqlarından salınır. Bu işlər 150 çim kv.m sahəni əhatə edir. Bunun ardınca texnoloji ardıcıllığa uyğun olaraq 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Bunun üçün 7 sm qalınlıqda iri dənəli və 5 sm qalınlıqda xırda dənəli asfalt-beton qarışıqlarından istifadə olunacaq. Asfaltlanma işləri ümumilikdə 90 min kv.m sahəni əhatə edəcək.
Layihəyə uyğun olaraq çiyin hissələrin 60 min kv.m sahədə 12 sm qalınlıqda optimal-çınqıl materialı ilə bərkidilməsi, beton küvetlərin alt hissəsinin qum-qırmadaş materialı ilə düzləndirilməsi, küvetlərin dəmir-betonla təmiri işlərinin aparılması, yol birləşmələri və kəsişmələrinin təmiri də nəzərdə tutulur.
Layihənin sonuncu mərhələsində yol boyu 10 ədəd avtobus dayanacağı tikiləcək, hərəkətin normal təşkili üçün 45 yol nişanı, 15 km göstəricisi, 680 siqnal dirəyi quraşdırılacaq, 45 km uzunluğunda üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
Ağsu rayonunun Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolu 2 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edir və vətəndaşların Muğanlı-İsmayıllı avtomobil yoluna çıxışı təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, yolun yenidən qurulması kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.