Təmir-tikinti işləri ilə əlaqədar Nizami rayonu Mikayıl Əliyev küçəsinin bir hissəsində qısa müddətlik nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb.
Hərəkətin məhdudlaşdırılması Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədən üzü Babək prospektinə doğru olan 700 metrlik hissəsində tətbiq olunub.
Sözügedən ərazidə təmir-tikinti işləri yekunlaşandan sonra küçənin digər hissəsinin, Babək prospektinə qədər olan 750 metrlik ərazinin nəqliyyat vasitələrinin hərəkəti üçün qısa müddətlik məhdudlaşdırılması planlaşdırılır. Bu üzdən yaranan müvəqqəti narahatçılığa görə, “Azəryolservis” ASC üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Xatırladaq ki, uzun illərdir təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Nizami rayonu Mikayıl Əliyev küçəsinin bu dəfə Rüstəm Rüstəmov küçəsi və Babək prospektləri arasında yerləşən hissəsində bir müddətdir təmir-tikinti işlərinə start verilib. Təmir işlərinin aparıldığı ərazinin uzunluğu 1450 metr, küçənin ortalama eni isə 20 metrdir.
Sözügedən ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin olmaması yolda müəyyən problemlərə gətirib çıxarırdı. Həm yolun asflat-beton örtüyü tez sıradan çıxırdı, həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranırdı. Bütün bunları nəzərə alan “Azəryolservis” ASC tərəfindən küçədə 1 kilometrdən artıq yağış-kanalizasiya sistemi qurulub. Zəruri olan yerlərdə yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Bununla da Mikayıl Əliyev küçəsində səth suları problemi köklü şəkildə aradan qaldırılıb.
Piyadaların da rahatlığını düşünən cəmiyyət təmir etdiyi küçələrdə səkilərin olmasına xüsusi olaraq diqqət yetirir. Mikayıl Əliyev küçəsində də vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkilərinin olmaması problemi həll edilib. Belə ki, təmir işləri çərçivəsində yol boyu hər iki istiqamət üzrə zəruri olan yerlərdə 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Səkilərin kənarlarına 3 min paqon metrə yaxın səki daşları düzülüb.
Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örüyü yenisi ilə əvəzlənir. Bunun üçün artıq köhnə asfalt örtüyü qaşınaraq, ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağı bərkidilib. Ümumilikdə sözügedən əraziyə 2 qat olmaqla 30 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilir.
Ölkə başçısının tapşırığına əsasən, “Azəryolservis” ASC tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində Mikayıl Əliyev küçəsində yolun hərəkət hissəsinin müəyyən yerlərində genişləndirmə işləri aparılacaq. Genişləndirmə küçənin Babək prospektinə çıxan hissəsində, təqribən 150 metrlik bir ərazidə görüləcək. Bununla da həmin istiqamətdə yol təqribən 3-4 metr genişlənməklə, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərmiş olacaq.
Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində cəmiyyət tərəfindən yol boyu işıqlandırma sistemi qurulacaq, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Hazırda təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.