Ziya Bünyadov prospektində, “3-cü mikrorayon bazarı”nın qarşısında yerləşən avtomobil tunelinin üzərindəki qanunsuz parklanma yeri “Azəryolservis” ASC tərəfindən ləğv edilib.
Parklanma yerinin ləğv edilməsi istiqamətində işlər baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə həyata keçirilib. Əraziyə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı almaq üçün giriş hissəyə beton maneə də qoyulub.
Bu cür addımların parklanma yeri kimi hesablanaraq inşa edilməyən bütün avtomobil tunellərinin üzərində aparılması nəzərdə tutulub. Bundan başqa yol ötürücülərinin ( avtomobil körpülərinin ) alt hissəsində də mövcud olan parklanma yerlərinin ləğvi planlaşdırılır. Çünki bu cür parklanma yerləri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaradır.
Xatırladaq ki, bir müddət bundan öncə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yol ötürücülərin alt hissəsinin parklanma üçün istifadə edilməsinin qadağan edilməsi ilə bağlı “Azəryolservis” ASC tərəfindən aidiyyatı üzrə müraciət olunmuşdu.