Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, uzunluğu 23 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. İkizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən həyata keçirilib. Yol 40 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Əvvəllər çınqıl və torpaq örtüklü yolla vətəndaşların gediş-gəlişində müəyyən problemlər yaşanırdı. Yolun yenidən qurulması ilə bu problemlər köklü şəkildə həll olunub. Aparılan işlər zamanı zəruri yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib. Layihənin icrası çərçivəsində yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib. Yolboyu zəruri yerlərdə 30 suötürücü boru da quraşdırılıb. İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun istifadəyə verilməsi nəticəsində əhalinin gediş-gəlişi xeyli asanlaşacaq, təhlükəsiz və maneəsiz hərəkət təmin olunmaqla, yük və sərnişin daşınması da yaxşılaşacaq.
Dövlətimizin başçısına İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili yolu barədə də məlumat verildi. Uzunluğu 14 kilometr olan yolun yenidən qurulması ilə 7 yaşayış məntəqəsinin 26 mindən çox əhalisinin rahat və təhlükəsiz hərəkəti təmin edilib. Bu avtomobil yolu uzun illər istismar olunduğundan yolda qabarmalar və çökmələr əmələ gəlmişdi. Bu isə xüsusən payız-qış mövsümündə əhalinin və nəqliyyatın hərəkətinə çətinliklər yaradırdı. Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun bərpa edilib. Yolun eni 10 metrdir. Layihə çərçivəsində yeni dəmir-beton borular quraşdırılıb, körpü məhəccərləri yenilənib, avtobus dayanacaqları inşa edilib. Bununla da yolboyu yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yoluna rahat çıxışı təmin edilib, yük və sərnişin daşınması asanlaşıb. Diqqətə çatdırıldı ki, bu gün İmişli rayonunda ümumi uzunluğu 213 kilometr olan avtomobil yolları istifadəyə verilib.
Prezident İlham Əliyev İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.