Qobustan-Poladlı avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO / FOTO

1 Noyabr 2018- 11:36
11 Qobustan-Poladlı avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO / FOTO

Yol infrastrukturunun müasir səviyəyə çatdırılması nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasında, həmçinin bölgələrdə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Yolların müasir səviyyədə yenidən qurulması həm yük və sərnişin daşımasını xeyli yaxşılaşdırır, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaradacaq, həm də bölgənin iqtisadi potensialının möhkəmləndirilməsi işinə də xidmət göstərir. Eyni zamanda, yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan verir.

 

Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində Qobustan-Poladlı  avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşır.

 

Qobustan-Poladlı  avtomobil yolu 4-cü texniki dərəcəlidir. Yolun eni və uzunu tikinti norma və standartlara uyğun deyildir. Bu üzdən torpaq işlərinin  yerinə yetirilməsi tələb olunurdu. Bundan başqa texnoloji ardıcıllıqla  bütün yolda  yeni yol geyiminin tikilməsi  zərurəti yaranmışdır. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun yenidən qurulması işlərinə start vermişdir.

 

Yolun ümumi uzunluğu 14.5 km-dir. Yenidənqurma işləri çərçivəsində sözügedən  yol boyu torpaq yatağının yararsız qruntu 125 min kub.m həcmdə qazılaraq çıxarılırb. əvəzinə yararlı material tökülərək kipləşdirilib, 49 min kub.m həcmdə çınqıl-qum qarışığından yol geyiminin hamarlayıcı layı inşa olunub.

 

Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca 154 min kv.m sahədə yol əsasın alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılıb. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 87 min kv.m sahəni əhatə edir.

 

Yol boyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, diametri 1 metr olan 7 ədəd yeni boru quraşdırılıb. Layihə çərçivəsində çiyinlərin 58 min kv.m sahədə optimal çınqıl-qum qarışığından 12 sm qalınlığında bərkidilməsi, həmçinin 12 ədəd giriş-çıxış yolunun təmiri işləri də aparılacaq.

 

Tikinti işlərinin sonuncu  mərhələsində hərəkətin normal təşkili üçün  sadalanan yol boyu  72 ədəd yol nişanı və məlumatverici lövhə, 15 km göstəricisi, 580 ədəd siqnal  dirəkləri quraşdırılacaq, 43 km uzunluqda üfiqi nişanlanma xətləri çəkiləcək.

 

Qobustan-Poladlı yolu sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolu 5 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

 

Qobustan-Poladlı  avtomobil yolunun yenidən qurulması yaxın müddət ərzində yekunlaşdırılacaq.